Qərb bölgəsində Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlanıldı - Foto

16 May 2018 20:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Şəmkir rayonunda 2000 ha, Tovuz rayonunda 2500 ha, Ağstafa rayonunda 2100 ha, Samux rayonunda 600 ha və Qazax rayonunda 800 ha sahədə (ümumilikdə 8000 ha sahədə) aparılmış monitorinqlər nəticəsində bu ərazilərin 5400 ha sahəsində sirayətlənmə aşkar edilib və kimyəvi mübarizə tədbirlərinə start verilib.

Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara bir daha xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562- 87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər adıçəkilən zərərvericilər müşahidə edilərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.

Qeyd edək ki, son günlər Gürcüstan və Ermənistan ərazisində, eləcə də işğal olunmuş torpaqlarımızda sürü halında yaşayan İtaliya və Mərakeş çəyirtkələrinin aktivliyi müşahidə edilməkdədir.

Bu zərərvericilərin Azərbaycan Respublikası ərazisinə miqrasiya etmə ehtimalı olduğu üçün Dövlət Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi gücləndirilmiş iş rejiminə keçərək sərhədyanı ərazilərdə monitorinqlərini davam etdirir.