Qadın sahibkara külli miqdarda ziyan vuruldu

21 May 2018 10:43 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Şıxbəy kənd sakini Yazgül Şəfiyeva mülkiyyətində olan pay torpağında qurduğu istixananın qəsdən dağıdılması barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib, izahat alınıb.

Yazgül Şəfiyeva APA-ya bildirib ki, uzun illərdir ailəsinə məxsus pay torpağında tərəvəzçiliklə məşğul olur. Qohumundan borc aldığı pulla Bakıdan gətirdiyi 1600 ədəd pomidor şitilini mart ayında istixanada əkib. Bu günlərdə məhsul toplamağa başlayan qadın fermer gecə saatlarında naməlum şəxslər tərəfindən istixanasının dağıdıldığını, şitillərin doğranılaraq tələf edildiyini deyib. Ona 8 min manatdan çox maddi ziyan vurulduğunu deyən Y. Şəfiyeva ötən il həyətindən meyvələrin oğurlandığını, məsələ ilə bağlı Göyçay rayon Polis Şöbəsinə müraciət etdiyini, hadisəni törədən şəxslərin hələ də tapılmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az