Daxili İşlər Nazirliyindən xəbərdalıq

18 Mart 2013 10:29 (UTC+04:00)


Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, bayram günlərində küçə, meydan və digər ictimai yerlərdə yüksək səsyayıcı qabiliyyətə malik oyuncaqlardan istifadə olunması nəticəsində həddən artıq səs-küy yaranır ki, bu da bəzən əhali arasında haqlı narazılığa səbəb olur.

Ona görə də, DİN vətəndaşlara xəbərdarlıq edir ki, hər hansı yüksək səs qabiliyyətinə malik, eləcə də yanğına və digər xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilən pirotexniki məmulatların satışı və istifadəsi halı müəyyən olunarsa, dərhal həmin şəxslərə qarşı müvafiq tədbirlər görüləcək, pirotexniki əşya və oyuncaqlar müsadirə olunub məhv ediləcək.

Qeyd edək ki, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə martın 20-dən 27-dək DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov artıq müvafiq əmr də imzalayıb.

Əmrdə bildirilir ki, bayram günlərində insanların çox olduğu, ictimai yerlərdə və vətəndaşların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsinin təmin edilməsı, bu məqsədlə polis naryadlarının sayının artırılması, həmçinin ölkədəki strateji, mühüm əhəmiyyətli obyektlərin mühafizəsinin gücləndirilməsi nəzərdə tutulur.

AzNews.az