“Sevinc Babayevanın oğlu məndən 1 milyon istədi...”

18 Mart 2013 10:57 (UTC+04:00)


Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova vəkili vasitəsilə yeni açıqlamalar verib. Sabiq deputatın vəkili Raqif Məhərrəmov martın 16-da 1 saylı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb. Vəkil "Yeni Müsavat"a deyib ki, G.Əhmədova mətbuatda barəsində səsləndirilən bəzi açıqlamalara münasibət bildirib. Sabiq deputatın budəfəki hədəfi keçmiş rəfiqəsi, mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov olub.

G.Əhmədovaya deyib ki, S.Babayevanın vəfatından sonra Ayxan anasının cənazəsini Bakıya gətirmək üçün maddi köməklik istəyib. G.Əhmədova da mərhumun oğluna maddi yardım edib. "Gülər xanım qohumlarından 20 min manat tapıb Ayxana verib. Ayxan da vəd verib ki, anasının dəfnindən sonra ondan miras qalan maşınları - "Audi Q7", "Hammer", habelə Sahil metrosunun üstündəki mənzili öz adına keçirəcək və həmin maşından birini satıb Gülər xanımın borcunu qaytaracaq. Lakin Ayxan həmin pulları qaytarmaqdan boyun qaçırıb və Gülər Əhmədovanı şantaj etməyə başlayıb. Şantaj yolu ilə Ayxan Gülər xanımdan 1 milyon tələb edib. Gülər xanımdan rədd cavabı alandan sonra o, mətbuata və istintaqa böhtan xarakterli məlumat verməyə başlayıb. Guya ki, anasının ölümündə Gülər Əhmədova təqsirkardır, onu ölkədən çıxarıb və geri qayıtmağa qoymayıb. İstintaq isə onun ifadələrinə əsaslanıb Cinayət Məcəlləsinin 307.2 -ci maddəsinə əsasən ittiham verib. Guya ki, Gülər xanım Sevinc Babayevanın törətdiyi cinayətə görə axtarışda olmasını bilə-bilə onun qaçıb gizlənməsinə kömək edib. Halbuki Sevincin axtarışda olması və barəsində cinayət işi olması barədə Gülər Əhmədovanın məlumatı olmayıb. Sevinc Babayeva daha öncə dələduzluq əməli törədib", - deyə vəkil sabiq deputata istinadla bildirib.

G.Əhmədova vəkili vasitəsilə A.Məmmədov barəsində yeni məlumatlar da açıqlayıb. R.Məhərrəmov deyib ki, A.Məmmədov tüfeyli həyat tərzi keçirir: "Anasının köməyi ilə daxil olduğu Təfəkkür Universitetinin 2-ci kursundan dərsə gəlmədiyinə görə qovulub. Heç zaman heç bir yerdə işləməmiş, anasının yanında yaşamamışdır - bunun hansı səbəbdən olduğunu açıqlamaq istəmirik. 2007-ci ilin yay aylarında birgə yaşadığı, özündən 10 yaş böyük olan bir qadını döydüyünə görə bu gənc barəsində Xətai Rayon Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Sevinc Babayeva bu işə müdaxilə edəndən sonra bu cinayət işinə xitam verilməsinə nail olub. Bu gənc Gülər xanım barəsində böhtanlar yağdıraraq mətbuatda göstərir ki, guya ki, sabiq deputat ömür boyu havayı yerə heç kimə kömək etməz. Bütün respublika bilir ki, Gülər xanım neçə-neçə insana, eləcə də yetim və kimsəsizlərə kömək edib. Qaçqın uşaqlara son çadırlar sökülənə qədər himayədarlıq edib".
R.Məhərrəmov həmçinin G.Əhmədovanın Türkiyədə yaşayan iş adamı Səlcuq Ağlayanla heç bir əlaqəsi olmadığını deyib. Onun sözlərinə görə, sabiq deputat bu böhtanlara görə Ayxanı məhkəməyə verəcək: "Bundan başqa, Ayxan Məmmədov Gülər Əhmədovanı ölümlə hədələmişdi. Bu barədə Gülər xanım Nəsimi Prokurorluğuna müraciət edib. Hazırda araşdırma aparılır".

A.Məmmədov isə "Yeni Müsavat"a açıqlamasında G.Əhmədovanın ittihamlarına cavab verib. "Hammer" 2008-ci ildə, "Audi Q7" isə 2009-cu ildə satılıb. Mən necə olmayan maşınları satacam deyim? Heç ondan bir manat da almamışam. Deyəsən, o qadın türmədə yuxu görür və onu həqiqət kimi çatdırmağa çalışır. Mən ondan pul alsam, heç onu ifşa edib, bu qədər danışardım? Özü ondan-bundan 1 milyon alıb, indi də deyir ki, guya mən də ondan 1 milyon istəmişəm. Mən anamın qanını satan oğullardan deyiləm. Onun qanını satsam, anamın sümükləri sızıldayar qəbirdə".
A.Məmmədov deyib ki, onların arasında pul söhbəti Səlcuq Ağlayan ona mesaj göndərib para istəyəndə olub. Türkiyəli iş adamı ona mesajında "Ayxan, o şərəfsizlərə de ki, müalicə üçün pul lazımdır" yazıb: "Mən də Gülərin evinə getdim. Ona bu mesajı göstərdim və dedim ki, Səlcuq deyir, müalicəyə 20 min lazımdır. O da dedi ki, gəl evimin kupçasını sənin adına keçirim-filan. Qayıtdım ki, mən sənin üçün alverçi deyiləm. Elə bu yerdə Səlcuqdan mesaj gəldi ki, başın sağ olsun, anan öldü. Mən bunu oxuyan kimi o evdən çıxdım. Gülər istəyir ki, məni də Əvəz Zeynallı kimi tutdurub 9 il iş verdirsin. Adamı şərləmək deyəsən bunların qanında var. Əlindən nə gəlir etsin, mənim də əlimdə sübutlarım var. Gedib telefon danışıqlarını çıxarsınlar, hər şey üzə çıxacaq. Özü də mən ondan 20 min manatı borc kimi istəməmişdim. O pul onun hesabına düşürdü, anamı bu işə o salmışdı. Amma həmin vaxt anamın ölüm xəbəri gəldiyi üçün pul söhbətini də axıra çatdıra bilmədik. Mən çıxıb getdim polisə, ordan da İstanbula".

A.Məmmədov qadını döyməsi ilə bağlı G.Əhmədovanın ittihamına da münasibət bildirib: "Mənim bir qadınla aramda insident olub və bu, polisə düşüb. Amma o, yol hadisəsi zamanı baş verib. O qadın arxadan gəlib mənim maşınımı vurub. Maşını vuranda da başı sükana dəyib. Bu iş də polisə düşüb, sonra da keçib gedib. Mən xuliqan olub neyləmişəm? Bütün gənc oğlanlar dava-dalaş edir. Yolda adamın başına iş gələr də. Həm bunun Gülərə nə dəxli var? O, anamın həyatını necə söndürdüyünün hesabını versin".

AzNews.az