Bakıda kişi arvadını və qayınanasını öldürdü - Yenilənib

22 May 2018 10:54 (UTC+04:00)

APA-nın məlumatına görə, ötən gecə qısqanclıq zəminində həyat yoldaşını və qayınanasını öldürən, 1987-ci il təvəllüdlü Ramin Səfər oğlu İsmayılov Ağdam rayon Polis Şöbəsinə gedərək təslim olub.

Qeyd edək ki, hadisə mayın 21-dən 22-nə keçə gecə Bakının Xətai rayonu, Naximov küçəsində qeydə alınıb. R. İsmayılov həyat yoldaşı, 1987-ci il təvəllüdlü Günay İsgəndərovanı və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.7-ci maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

***
09:00

Gecə saatlarında paytaxtda qətl törədilib. Kürəkən öz həyat yoldaşını və qayınanasını öldürüb.

APA TV-nin məlumatına görə, hadisə Bakının Xətai rayonu, Naximov küçəsində qeydə alınıb.

Ailə-məişət zəminində törədilmiş hadisə zamanı 1987-ci il təvəllüdlü Günay İsgəndərova və onun anası, 1954-ci il təvəllüdlü Mahirə İsgəndərova çoxsaylı bıçaq xəsarətləri alıb.

Məlumata görə, G.İsgəndərova ailədaxili münaqişə səbəbindən bir müddət imiş ki, atası evində yaşayırmış. Onun əri də bu gecə həmin evə gəlib və yenidən münaqişə yaranıb. Münaqişə zamanı G.İsgəndərovanın əri onu və münaqişəyə müdaxilə edən anası M.İsgəndərovanı bıçaqlayıb. Çoxsaylı bıçaq zərbələrindən sonra qan itirən ana ilə qızı dünyasını dəyişib. Onların meyiti digər ailə üzvləri tərəfindən aşkarlanıb. Hadisəni törədən şəxs isə qaçaraq gizlənib.

Hazırda polis onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi də başlanılıb.

AzNews.az