Elşad Abdullayevin işi ilə bağlı məhkəmə başladı

18 Mart 2013 11:33 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb.Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyada məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə çıxış edən Vaqif Hüseynin vəkili Elman Mustafayev müdafiə etdiyi şəxs barəsində həbs qəti-imkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsadət verdi. O bildiridi ki, cinayət işi üzrə dəymiş ziyan ödənilib və zərərçəkmiş şikayətçi deyil: " Buna görə də onun tərəfindən məhkəmənin gedişinə mane olan hər hansı bir məsələ yoxdur. Ona görə də xahiş edirəm ki, onun həbsi ev dustaqlığı ilə əvəz edilsin".

Vəkil bildirib ki, cinayət işinin başlamasına hüquq müdafiəçisi Eynulla Fətullayevin Baş Prokurorluğa göndərdiyi məktub və disklər olub. E.Fətullayev məktubunda qeyd edib ki, diskləri istintaqa kömək etmək üçün təqdim edir.

Vəkil bildirib ki, istintaqa təqdim edilən audio və videoyazılar qanun pozuntusu yolu ilə əldə edilib, ona görə də onların sübut kimi cinayet işinə əlavə edilməsi mümkün deyil: "Xahiş edirəm ki, həmin disklər sübutlar siyahısından çıxarılsın".

Daha sonra prokuror Anar Tarverdiyev vəsadətlərin təmin edilməməsini və işin məhkəmə baxışına verilməsini tələb etdi.

Hakimlər müşavirədən sonra vəkilin vəsadətlərinin təmin olunmadığını bildirdilər. Məhkəmə baxışı aprelin 2-nə təyin edildi.

İstintaq müəyyən edib ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla, yəni hər-hansı vəzifəli şəxsə külli miqdarda rüşvət verməklə nail olmaq niyyətində olduğunu və rüşvət vermək qərarına gəlib.

Vaqif Hüseyn Elşad Abdullayevin rüşvət kimi vermək istədiyi pul vəsaitini ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək, guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olması, buna görə rüşvət vermədə vasitəçi kimi pulun müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi, faktiki olaraq səlahiyyətləri olmadığı halda veriləcək pul müqabilində universitetin fəaliyyətinin davam etdirilməsini təmin edəcəyi barədə yalan vədlər verib. O, Elşad Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.

Törətdiyi cinayət əməlinə görə Vaqif Hüseyn Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vaqif Hüseyn cinayəti törədəndən sonra Elşad Abdullayevin ona qarşı edilən təzyiqlər nəticəsində sonuncuya vətəndaşlar Ənvər Əhmədovun, Əyyub Əzizovun və qeyrilərinin iştirakı ilə 2010-cu ilin aprelində ümumilikdə 600.000 ABŞ dolları məbləğində pulu nağd şəkildə qaytarıb, 19 avqust 2011-ci il tarixdə isə Kipr Türk Respublikasında yaşayan oğlu Rəşad Hüseynə məxsus 465.000 ABŞ dolları dəyərində ticarət obyektini Elşad Abdullayevin qardaşı İsmayıl Abdullayev və bacısı oğlu Azad Mürsəliyevin iştirakı ilə Elşad Abdullayevin adına rəsmiləşdirib. İstintaq zamanı Vaqif Hüseynin həmin cinayəti tək törətməsi təkzibolunmaz sübutlarla təsdiq edilib.

İstintaqla həmçinin müəyyən edilib ki, Elşad Abdullayev 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitini Vaqif Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə verib, bununla belə sonuncu dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirtdiyinə görə Elşad Abdullayev iradəsindən asılı olmayan səbəblərdən rüşvət vermə cinayətini başa çatdıra bilməyib.

Qeyd olunanlar nəzərə alınaraq, habelə verilmiş pul vəsaitinin korrupsiya cinayətinin predmeti olduğundan Elşad Abdullayev zərər çəkmiş şəxs qismində tanınmayıb, onun barəsində rüşvət verməyə cəhd etməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 312.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilərək Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş korrupsiya faktları ilə bağlı aparılan cinayət işinə birləşdirilib.

AzNews.az