Tramp Avropa İttifaqına “polad” müharibə elan edir

23 May 2018 16:34 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Avropa Komissiyasının nümayəndəsi məlumat verib. ABŞ-da çıxan Wall Street Journal (WSJ) qəzeti daha əvvəl Aİ ilə ABŞ arasında ticarət danışıqlarında iştirak edən Polşanın iqtisadiyyat və texnologiyalar naziri Yadviqa Emileviçin oxşar sözlərini sitat gətirib.

Qəzetin yazdığına görə, Ağ Ev iki variant təklif edib. Birinci variant Aİ-dən polad və alüminium idxalına sərt kvotaların tətbiqini nəzərdə tutur ki, bu da 2017-ci ildə Avropadan ABŞ-a ixracın həcminin 90 faizini təşkil edəcək. İkinci variant Avropadan idxala ötən ilin səviyyəsinin elə həmin 90 faizini üstələyən rüsumların tətbiqidir. WSJ yazır ki, Avropa D.Trampın konkret nəyə nail olmaq istədiyini hələ də başa düşə bilmir.

Avropa İttifaqının ticarət məsələləri üzrə komissarı Sesiliya Malström Avropa İttifaqının Avropa məhsullarına Amerika rüsumlarının tətbiqinin qarşısını almağa müvəffəq olacağını gözləmir. O, ABŞ Avropa şirkətləri üçün rüsumların tətbiqinin iyunun 1-də başa çatan təxirə salınması müddətinin növbəti dəfə uzadılacağına da ümid bəsləmir.

D.Tramp polad idxalına 25 faiz və alüminium idxalına 10 faiz rüsumların tətbiq ediləcəyini bu il martın əvvəlində açıqlayıb. Aİ onda bəyan etmişdi ki, cavab tədbirləri görəcək. Mayın 18-də Avropa İttifaqı 1,4 milyard avro həcmində cavab rüsumlarının siyahısını Dünya Ticarət Təşkilatına təqdim edib. Avropanın iyunun 20-dən əlavə 25 faiz rüsum tətbiq edəcəyi ABŞ malları siyahısına portağal şirəsi, viski, tütün və motosikletlər daxildir.

AzNews.az