Nazirlər görüşdülər

18 Mart 2013 13:20 (UTC+04:00)



Martın 18-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya ilə müdafiə naziri Səfər Əbiyev arasında görüş olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, Fəxri Xiyabanda Heydər Əliyevlə Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra İrakli Alasaniyanın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

Müdafiə nazirlərinin əvvəlcə geniş tərkibdə, sonra isə təkbətək görüşü olub. Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparan nazirlər hərbi sahədə də əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar. Azərbaycanın ölkəsinə yaxından köməkliyini minnətdarlıq hissi ilə qeyd edən İrakli Alasaniya bunu heç zaman unutmayacaqlarını bildirib. Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü həmişə olduğu kimi bu gün dəstəklə-diyini deyib. İrakli Alasaniya iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin region üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Görüşün sonunda müdafiə nazirləri 2013-cü il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.

AzNews.az