ARDNŞ rəhbərliyi tətil edənlərlə danışıqlar aparır

18 Mart 2013 13:44 (UTC+04:00)
Dövlət Neft Şirkəti və "Bos Shelf" rəhbərliyinin tətil edən fəhlələrlə görüşü davam edir.

AzadlıqRadiosunun əməkdaşının görüşdən verdiyi məlumata görə, işçilər rəhbərlik qarşısında 5 tələb qoyublar: apreldən maaşların 52 faiz artırılması, maaşların dollarla yox, manatla verilməsi, məzuniyyət haqqının və tibbi sığortanın bərpası. Sonuncu tələbsə onları təhqir edən əcnəbi işçilərin cəzalandırılmasıdır. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə, fəhlələr tətilin aprelin 1-dən davam edəcəyini də bəyan ediblər.

"Bos Shelf"in rəhbəri İxtiyar Axundov deyib ki, bəzi tələblər haqsızdır və onları yerinə yetirmək mümkün deyil. Məsələn, o qısa vaxtda maaşların artırılmasını real saymayıb:

"Bu, bir günün və ya bir ayın işi deyil. Ona görə də kim maaşın 52 faiz artırılmasını tələb edirsə, aprelin 1-ni gözləmədən indidən tətilə başlaya bilər".

Maaşların dollarla deyil, manatla verilməsinə gəlincə, İxtiyar Axundov deyib ki, "Boş Shelf" BP şirkəti ilə işləyir. Buna görə də maaşlar dollarla verilir:

"Ancaq dolların kursu maaşa təsir etməməlidir. Əgər belədirsə, mühasibatlığa deyərik, bunu yoluna qoyar".

O ki qaldı tibbi sığorta tələbinə, İxtiyar Axundov bu yöndə iş getdiyini, iyundan kartların paylana biləcəyini də söyləyib.

"Bos Shelf" rəhbəri Yerli işçiləri aşağılayan əcnəbi həmkarların cəzalandırılması haqda deyilənlərə də münasibət bildirib. O deyib ki, millətçi olmaq lazım deyil. Ancaq İxtiyar Axundov yerli işçilərin təhqir olunmasını da yolverilməz sayıb və bu yöndə araşdırma aparılacağını bildirib.

Danışıqlarda Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov da iştirak edir. Hələlik o çıxış etməyib.

AzNews.az