İlham Əliyev: “İki minə yaxın vətəndaşımız qətlə yetirilib“

18 Mart 2013 14:01 (UTC+04:00)


"Terrorizmə qarşı mübarizənin həmişə aktualdır. Azərbaycan terrorizmdən əziyyət çəkən ölkələrdən biridir. Ölkəmiz dəfələrlə ermənilərin terror aktlarına məruz qalıb, həmin hadisələr zamanı iki minə yaxın vətəndaşımız qətlə yetirilib, minlərlə insan xəsarət alıb. Erməni terrorizmi hər zaman təcavüzkar separatçılıqla müşayiət olunub və bu, Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə nəticələnib".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə danışan dövlət başçısı bu münaqişənin beynəlxalq və regional təhlükəsizliyə böyük təhdid olduğunu vurğulayıb, beynəlxalq qurumlar və təşkilatların bununla bağlı qəbul etdiyi qərarların kağız üzərində qaldığını bildirib. Azərbaycanın münaqişənin sülh yolu ilə həll edilməsi üçün səylərini davam etdirdiyini qeyd edən prezident Ermənistanın bu məsələdə "status-kvo"nu qoruyub saxlamağa çalışdığını diqqətə çatdırıb.

Prezident İ. Əliyev XX əsrin ən faciəli hadisələrindən olan Xocalı soyqırımı haqqında danışıb, 4 ölkənin parlamentinin bu faciəni soyqırımı kimi tanıdığını, bu istiqamətdə digər ölkələrdə də iş aparıldığını söyləyib. Dövlət başçısı Azərbaycanın terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini birləşdirmək zərurətindən də danışıb.

Prezident İ. Əliyev Azərbaycanın terrorizmə qarşı mübarizənin daim diqqət mərkəzində saxlanılması üçün əlindən gələni etdiyini, 50-dən artıq ölkənin, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin iştirak etdiyi bugünkü konfransın Bakıda keçirilməsinin də Azərbaycanın bu mövzuya verdiyi əhəmiyyətin daha bir təsdiqi olduğunu bildirib, ötən ilin may ayında ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyini zaman respublikamızın bu məsələni diqqətdə saxladığını vurğulayıb.

Terrorizmin ölkələrin tərəqqisinə ən böyük maneə olduğunu söyləyən dövlət başçısı ilk növbədə onun yaranma səbəbləri və inkişafının qarşısının alınması vacibliyinə toxunub.

Bəzi hallarda terrorizmi islamla bağlamaq cəhdlərinin, islamofobiya meyllərinin narahatlıq doğurduğunu deyən prezident İ. Əliyev bunun dünyada milyonlarla insanın hisslərinə toxunduğunu və bu meyllərin qəbuledilməz olduğunu qeyd edib.

Ölkədə müxtəlif millətlərin nümayəndələrinin dinc və dostluq şəraitində yaşadığını diqqətə çatdıran dövlət başçısı Azərbaycanda mövcud olan multikulturalizmin alternativi olmadığını deyib.

Terrorizmə qarşı mübarizədə təhsilin roluna toxunan prezident İ. Əliyev ölkədə təhsil məsələlərinə böyük diqqət yetirildiyini, savadlılığın səviyyəsinin 100 faiz təşkil etdiyini, informasiya-kommunikasiya texnologiyalarına böyük sərmayələrin yatırıldığını, ölkədə kosmos sənayesinin inkişaf etdiyini bildirib.

"Yoxsulluğun azaldılması da terrorçuluqla mübarizədə vacib amillərdən biridir" deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olub: "On il ərzində yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə enib, növbəti illərdə yoxsulluğun sosial amil kimi tamamilə öz həllini tapacağı gözlənilir. Bu məsələlərin həlli hər bir ölkə üçün vacibdir, çünki bu amillərdən terrorizmə qarşı mübarizədə əsas vasitələr kimi istifadə oluna bilər".

Sonra çıxış edən BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov BMT-nin baş katibi Pan Gi Munun konfrans iştirakçılarına müraciətini çatdırıb. Müraciətdə Azərbaycanın mühüm toplantıya ev sahibliyi etməsi ilə bağlı minnətdarlıq ifadə olunub.

"Bizim ən böyük silahımız səfərbərliyimizdir", - deyən Y. Fedotov bu konfransın terrorizmə qarşı mübarizə yolları, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsini müzakirə etmək üçün əla fürsət olduğunu söyləyib.

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl Tüveycri də konfransın Azərbaycan prezidentinin dəstəyi sayəsində ərsəyə gəldiyini söyləyib, buna görə dövlət başçısına minnətdarlığını bildirib. "İslam dini məsum insanların öldürülməsini böyük günah sayır. Ona görə də terrorizm hər hansı dinə məxsus deyil. Bu, cinayətdir" deyən İSESCO-nun baş direktoru ümumi hədəfin daha sağlam əməkdaşlığın qurulmasından ibarət olduğunu, əsas səylərin təhsil, elm və mədəniyyətə yönəldilməsinin vacibliyini vurğulayıb.

Konfrans işini davam etdirir.

AzNews.az