Vergidəki ərəb

18 Mart 2013 15:07 (UTC+04:00)
Zamin Hacı

Azərbaycan inkişaf etdikcə uğurlarımızı gözü götürməyənlərin, paxıllıqdan qeybətimizi edənlərin də sayı artır. Sanarsan dünya xalqlarına borcumuz-zadımız vardır. Belə qurdlu planet yəqin nəinki Süd Yolu Qalaktikasında, heç bütün Kainatda yoxdur. Raket uçurduruq – baxırıq ardıyca amerikalılar da uçurdur. Neft çıxardırıq - ərəblər də çıxardır. Əsgəri döyüb öldürürük – deyirlər bütün dünyada əsgərlər ölür. Bu qədər də olarmı? Bəhsəbəhsə giriblər, alçaqlar...

Bir-iki gün qabaq yenə xaricdə, konkret yazsaq "Ekonomist" həftəliyində ölkəmizi tənqid ediblər. Əhvalatın nəql edilmə məkanı da orijinaldır – guya jurnalist bir ərəblə təyyarədə uçurmuş, ərəb deyib ki, mən biznesmenəm, Azərbaycanda banan satmaq istəyirdim, bir gün ofisimə vergi əməkdaşları gəldilər, avtomatdan atəş açdılar, sənədlərimi dəlmədeşik etdilər, ancaq mən onlara rüşvət vermədim. Guya bir həftə vergidən gələn banditlər oturub bunun ofisində, bu isə vecinə almayıb, gülləborana öyrəşmiş bir livanlı kimi özünü cəsur aparıb, bundan sonra müfəttişlər əlacsız qalıb çıxıb gediblər və sairə və ilaxır.

İlk növbədə onu qeyd edək ki, Azərbaycanımızın (Hacıbala bəy demişkən) mənfi imicini yaratmaq istəyənlər arasında bu "səmavi əhvalatlar" çox populyardır. Məsələn, bir dəfə bir yapon biznesmen xaricdə konfransda demişdi ki, Bakıya gedirdim biznes quram, aeroportda məndən 100 dollar (yalanın böyüklüyünü təsəvvür edirsinizmi, bizdə hansı gömrükçü bu cür xırda pula dövlətimizin imicini satar?) istədilər, qaçdım. Bir irland rok qrupu da vaxtilə Bakı hava limanında onlardan bir banka pivəyə görə dünyanın pulunun istənildiyini, heç yerdə belə soyğunçuluq görmədiklərini qəzetə intervüdə demişdilər, guya bizi biabır eləmişdilər. Ta xəbərləri yoxdur ki, biz tarixən belə keyfiyyətlərlə qürur duymuşuq, ən yaxşı at oğrusu tayfa başçısı seçilib, ən güclü cibgir ağsaqqal sayılıb.
Lotular və "vor-zakonlar" haqda kitablar bizdə həmişə bestseller olmuşdur.

Yeri gəlmişkən, bu təyyarə söhbətləri mövzusunda SSRİ dövründə maraqlı bir lətifə vardı. Brejnev, Reyqan və Əliyev təyyarədə uçurlar. Reyqan deyir ki, hazırda Nyu-York üzərindəyik. Soruşurlar hardan bildin, deyir Azadlıq heykəlini gördüm. Bir müddət sonra Brejnev deyir indi biz Moskva üzərindən uçuruq – aşağıda Kremlin ulduzunu görürəm. Vaxt keçir, bu dəfə Əliyev qolunu təyyarənin pəncərəsindən çıxardır, içəri salır, deyir: "Bakı üzərindən uçuruq". Soruşurlar hardan bildin, deyir: "Saatımı apardılar".

Qayıdaq ərəbin nəql elədiyi anekdota. Aşkar anekdotdur, çünki bizim vergi orqanlarına hansısa biznesmenin bir həftə müqavimət göstərməsi qətiyyən mümkün deyildir. Yenə "bir-iki saat" söyləsə bəlkə inandırıcı olardı.

Başqa yöndən, biznesmenə avtomat silahla təzyiq eləmək nəyə lazımdır? Təcrübə göstərir ki, şapalaq, uzağı dəyənək və zopa bəs eləyir. Aparırsan biznesmeni yaxındakı bölməyə, həyatın keşməkeşlərini, planetimizin yaranması fərziyyələrini, xərçənglərin harda qışladığını və qurbağaların nə üçün quruldadığını kamali-ədəblə izah edirsən, biznesmen də razı qalır, sənin əlindən öpür, gedir mikrorayon tikməyə.

Hələ mübahisə predmeti lap gülməlidir – banan. Guya bu ərəb Azərbaycana banan gətirməklə məşğul olurmuş. A kişi, sən kimsən bizim ölkəyə banan eksport edəsən? Səni, türkün məsəli, eskort edərlər. Çiçəklənən Azərbaycanımızda bəylərin vaxtından bəri banan idxalı yalnız dövlətə aid strateji sahə sayılır. Bəylərin vaxtından bəri deyərkən, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu anarxiya epoxasını, o ağır əsrləri və qərinələri nəzərdə tuturam.

Yəni, ola bilsin ərəbin ofisinə cəbhəçilər hücum ediblər. Buna inanırıq. Pis zəmanə idi...