Populizm Paşinyanı hara sürükləyir?

29 May 2018 11:49 (UTC+04:00)

Problemin qəlizliyi ondadır ki, yeni hökumətdən Dağlıq Qarabağ problemi kontekstində daha “qətiyyətli” və ya daha “operativ” addımlar uman erməni auditoriyası var ki, otuz illik münaqişədən bunlar tamamilə əks nəticə çıxarıblar: “Bizə bu siyasət lazım deyil, bu siyasət bizi aclığa və səfalətə sürüklədi, bölgədə təcrid olduq!” demək əvəzinə, bunlar hələ də düşünürlər ki, bu vaxta qədər apardıqları siyasət düzgündür, sadəcə, Koçaryan və Sarkisyan, bundan da bir az əvvəl L.Ter-Petrosyan məsələdə yetərincə “qətiyyət” göstərmədilər.

Amma bir və ya bir qrup siyasətçi, hətta bir cəmiyyət belə, müəyyən zaman kəsimində yanlışlığa yönələ, orientirləri itirə bilər. Fəqət, ağıllı siyasətçilərin və ziyalıların missiyası deyilən bir anlayış da var axı...

Sovetlərin vaxtında bir eston filosofu vardı, Q.Naan. Çox ziddiyətli, ziddiyyətli olduğu qədər də maraqlı şəxs və tədqiqatçı idi. Onun bir sözü indi də yadımızdadır. Deyirdi ki, ziyalıların missiyası həm də cəmiyyətə acı həqiqətləri çatdırmaqdır.

Düşünürük ki, illərdir Ermənistanda məhz bu çatışmır – məsuliyyəti üzərinə götürüb insanlara o acı həqiqəti çatdırmaq istəyənlər demək olar ki, yoxdur və ya olduqca azdır.

Ən maraqlısı isə odur ki, erməni ziyalıları və ya siyasət adamları bir yana, bizim özümüzün dönüklərimiz bunun əksini edirlər. Bu axmaq xalqda belə bir təsəvvür yaradırlar ki, guya ermənilər haqq işi uğrunda çarpışırlar, guya biz də, türklər də bu “böyük və mədəni xalq”ın haqqını tapdayırıq...

Bu cür sərsəm fikirlər bəzi azərbaycanlıların, bəli, çox təəssüf olsun ki, bizim azərbaycanlıların sayəsində “roman”a və “film”ə çevrildi. Bu adamları qətiyyən başa düşmək olmur: nə istəyirlər və niyə belə edirlər?

Məqsədləri həqiqəti yazmaq və göstərməkdirsə, özləri də ən azı, ürəklərinin dərinliklərində bilirlər ki, bu, həqiqət deyil. Əgər bununla biz azərbaycanlıları məğlubiyyətə hazırlayırlarsa, bu, da əbəs məşğuliyyətdi.

Yox, missiyaları erməni “ideoloqları”na yardımçı olmaqdırsa, bunun da mənası yoxdur. Ermənilər onlara heykəl ucaltmayacaq, əksinə, o adamlar əməlləri nəticəsində “milli-etnik bomjlara” çevriləcəklər və kimsə onlara sahib durmayacaq. Çünki satqınları heç kim sevmir; o səbəbdən ki, bir-iki cəhddən sonra satqınlıq artıq peşəyə çevrilir...

Ona görə də vəziyyət hələ də qəliz durumda qalır. Bəli, Paşinyanın oğlunu Qarabağa döyüş bölgəsinə yollaması, baş nazir seçilən kimi dərhal Dağlıq Qarabağa səfər etməsi mümkündür ki, daxili auditoriyada ona rəğbəti artırır, bir az da populyarlaşdırır. Lakin suallar da yaranır axı...

Əgər biz Qarabağdakı beş-on ermənini “tərəf” kimi tanımalıyıqsa, sənin oğlunun Qarabağda nə işi var? Biz Qarabağı “tərəf” kimi tanıyacaqdıqsa, bəs sənin özünün orada nə işin var?

Doğrudanmı Ermənistanın problemi səninçün azlıq edir? Doğrudanmı bu adam başa düşmür ki, ermənilər ondan həm də iş və çörək istəyirlər? Doğrudanmı qanmır ki, bir gün o kütlə onun özünə qarşı dönəcək və onu bağışlamayacaq?

Hələlik duyulanı budur ki, adam bunları qəti dərk etmək istəmir. Bəli, ola bilsin, əsl nəticələr üçün hələ zaman yetişməyib. Olsun. Biz heç hara tələsmirik, bir az da gözlərik.

Bu gün üçün görünən budur ki, şüarlar elə köhnə şüarlardır. Amma o da var ki, inqilab üçün xarakterik tempdə olmasa da kadrlar dəyişir. Olsun. Hər halda, gec-tez “məxməri inqilab”ın da əsl geosiyasi rəngi bilinəcək və artıq ruslar bunu müəyyən etmiş kimi görünürlər. Ancaq bir daha adi bir detalı vurğulamaq istərdik: insanları əvvəl irreallığa kökləyib, bunun ardınca “Gəlin realist olaq!” demək çox təhlükəli məşğuliyyətdir. Üstəlik, bilmək lazımdır ki, ermənilərin sərsəm planları üçün ən münbit zəmin də Rusiya “siyasi landşaftı” idi. “Geosiyasi orientirlər”i dəyişərkən siyasətə də təzədən baxmaq və şüarları təzələmək lazım gəlir – təbii ki, əgər Nikol müəllimin belə bir məramı varsa...

Hüseynbala Səlimov
AzNews.az