“Həmas” İsraillə atəşkəsi bərpa etdiyini açıqladı

30 May 2018 11:34 (UTC+04:00)

AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, "Həmas"ın məlumatına görə, İsraillə atəşkəs rejiminin bərpa olunması haqqında razılıq əldə olunub. Lakin bununla bağlı İsrail tərəfindən heç bir mövqe bildirilməyib. Yayılan məlumatı təsdiq etməyən İsrail mediası isə Təl-Əvivin də eskalasiyada maraqlı olmadığı haqqında məlumat dərc edib.

Sözügedən razılaşma haqqında daha əvvəl də məlumat yayılmışdı. Razılaşmanın Misir vasitəsilə əldə olunduğu deyilirdi. Lakin hər iki tərəf arasında davam edən gərgin münasibətlər informasiyanın əsassız olduğunu sübuta yetirmişdi.

Qeyd edək ki, “Həmas” ötən gecə İsrailin cənubunu raket atəşinə tutub. İsrail tərəfi isə Qəzza zolağındakı döyüş bölgələrini bombalayıb. Ancaq səhər saatlarında qarşıdurma zonasında sabitlik bərpa olunub, itki qeydə alınmayıb.

AzNews.az