Pakistan və Fələsin liderləri İlham Əliyevi təbrik etdilər

30 May 2018 19:36 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Zati-aliləri, əziz qardaşım. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Pakistan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan sıx qardaşlıq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimizin ikitərəfli münasibətləri xalqlarımızın ortaq maraqları naminə gələcək illərdə daha da güclənəcək.

Zati-aliləri, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Biz Pakistanda azərbaycanlı qardaşlarımızın bu bayram gününün sevincini bölüşürük. Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Fələstin Dövlətinin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubun məzmununda deyilir:

“Qardaşım İlham Əliyev, hörmətli cənab Prezident. Respublikanızın yaranmasının yüz illiyi münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırır, xalqımızın hüquqlarına dəstək olan həmrəylik mövqeyinizə görə Sizə dərin ehtiramımı bildirir, ölkələrimizi və xalqlarımızı birləşdirən güclü qardaşlıq əlaqələrimizlə fəxr edirəm.

Ölkələrimiz və xalqlarımızın qarşılıqlı maraq və mənafeləri üçün bu əlaqələri inkişaf etdirmək, bütün sahələrdə yeni üfüqlər açmaq və qarşılıqlı əməkdaşlığı gücləndirmək bizim üçün hər zaman diqqət mərkəzində olacaq. Lütfən ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza yüksək tərəqqi və rifah arzu edirəm”.