“Yaxşı ki, hərənin bir uzunqulağı var...”

19 Mart 2013 09:40 (UTC+04:00)

"Bu kənddə hər ailədən bir nəfər bütün gününü yalnız su daşımağa sərf eləyir. Onun nə evə, nə təsərrüfata baxmağa, nə də başqa işlərə vaxt ayırmağa imkanı olmur. Kənddən bulağa 2 kilometrdən artıq yoldur, iki dəfə gedib-gəlincə həm adam özü əldən düşür, həm də gün qurtarır. Ona görə də evə su daşıyan adamın başqa işlərlə məşğul olmağa vaxtı qalmır".

Füzuli rayonunun Şükürbəyli kəndində boş su qabları ilə yüklənmiş uzunqulağı qabağına qataraq palçıqlı yolla kəndin yuxarı başına istiqamətlənən Vüsal Babayevin ayaqüstü söhbət üçün bir an dayanmağa belə, səbri çatmır. Deyir tez gedib-gəlməlidir ki, həm günorta heyvanları suvarmaq üçün suyu çatdıra bilsin, həm də özü nahar vaxtı evdə olsun: "Kənd yeridir, o qədər qayğılarımız var ki! Heyvan saxlamasaq, əkin-biçinlə məşğul olmasaq dolana bilmərik. Özümüzün içməyimizə də, pal-paltar yumağa, heyvanın suvarılmasına da suyu 2 kilometr aralıdan, dağın o üzündən gətiririk. Mən suyu tez gətirməsəm, nə vaxtlı-vaxtına çay-çörək hazırlanar, nə də heyvanlara verməyə su olar".

Su çatışmazlığının Şükürbəylilərin taleyinə, yaşayış tərzinə bu dərəcədə mənfi təsir göstərdiyi Vüsalın əhvalından daha aydın sezilir. Uzunboğaz çəkmə geyinməsinə baxmayaraq, üst-başı sarı palçığa bulaşmış bu cavan oğlanın solğun və qayğılı siması, soyuğun-şaxtanın təsirindən xoruz pipiyi kimi qızarmış əlləri onun hansı sosial şəraitdə yaşadığına bir işarədir. Amma yenə də adamın inanmağı gəlmir ki, dünyanın bu vədəsində Azərbaycanın hansısa kəndində insanlar içməli su üçün bu qədər əzab-əziyyətlərə qatlaşmalı olur. Doğrudanmı, kəndlərdə içməli su məsələsi hər ailənin bir üzvünün bütün gününü əlindən alacaq, onu məşğul edə biləcək qədər böyük və məşəqqətli problemdir?

Susuzluğun dəyişdiyi talelər

Doğrudan da su çatışmazlığının insanların taleyinə, yaşayış tərzinə bu qədər təsir etdiyinə inanmaq çətindir. Ancaq Füzuli, Tərtər və Bərdədə apardığımız araşdırmalar bunun bir gerçəklik olduğunu təsdiq edir. Kədərli həyat hekayətini xatırladan faktlar, insan taleləri. Ən böyük gerçəklik odur ki, bu kəndlərin əksəriyyətində içməli suyu uzaq məsafələrdən daşımağa, yaxud da pulla almağa məcburdurlar. Bura təkcə ərazisinin yarısı işğal altında olan Füzulinin cəbhə xəttinə yaxın kəndləri yox, elə sülh və əmin-amanlıq şəraitinin hökm sürdüyü Bərdə və Tərtərin bir çox yaşayış məntəqələri də daxildir.

Füzuli rayonunun erməni qoşunlarının bir neçə kilometrliyində yerləşən Şükürbəyli, Kərimbəyli və Babı kəndlərində ən azı 20 ildir vəziyyət belədir. Qarabağ müharibəsi dövründə bu yaşayış məntəqələrinin su təchizatı tamamilə dağıdılıb. Sonradan Beynəlxalq Qırmızıxaç Komitəsinin xətti ilə cəbhə kəndlərində içməli su təchizatının yaxşılaşdırılması üçün müəyyən layihələr həyata keçirilsə də, problem tam şəkildə aradan qaldırılmayıb. İndi həmin beynəlxalq təşkilatın kəndlərdə yaratdığı su mənbələri də sıradan çıxıb.

"Yaxşı ki, hərənin bir uzunqulağı var..."

Hazırda bu rayonda ən acınacaqlı vəziyyət Şükürbəyli kəndində hökm sürür. Kənd sakinləri söyləyirlər ki, onlar suyu yeganə mənbə olan "Qızlar bulağı"ndan gətirir. Vüsal Babayev cəbhə xəttinin cəmi 3 kilometrliyində yerləşən Şükürbəylinin içməli su ilə sınağa çəkildiyini deyir: "Elə bil bizi su ilə sınağa çəkirlər. Sanki bu tərəfdən ermənilər, bu biri tərəfdən özümüzünkülər belə vəziyyətdə yaşamağımızdan ləzzət alır. Hələ yaxşı ki, hərənin bir uzunqulağı var, yoxsa hər gün vedrələrlə əlimizdə su daşımaqla dolana bilmərik. Qışda bulağa getmək o qədər çətin olur ki, bəzi ailələrin evində həftələrlə bir qurtum su tapılmır".

Digər sakin Münəvvər Ağayeva isə 20 il ərzində bu boyda kəndin susuzluqdan əziyyət çəkməsinə görə müvafiq dövlət orqanlarını qınayır: "Bizim bu zülmümüz nə yerə yığar, nə də göyə. Qış aylarında suya gedən-gələnin çətinliyini göz görüb, könül götürməz. Dəfələrlə yaşlı qadınlar suya gedərkən yıxılıb, qolu-qıçası sınıb. Amma icra hakimiyyəti, su idarəsi bizim bu zülmümüzə göz yumur. İndiyə qədər qapısını döymədiyimiz idarə qalmayıb. Camaat yığışıb gedib rayon icra hakimiyyətinə, su idarəsinə müraciət də ediblər. Amma kəndin su probleminə əlac tapan yoxdur. Heç olmasa, gətirib kənddə bir artezian da vurmurlar ki, camaat qışın bu sazağında sudan ötrü 2-3 kilometr uzağa getməsin".

Şükürbəylidə içməli su probleminin dözülməz həddə çatdığını kənd icra nümayəndəsi Ədalət Həsənov da təsdiqləyir. Onun sözlərinə görə, 395 ailənin yaşadığı kənddə indiyədək su probleminin aradan qaldırılması üçün aidiyyəti qurumlarla məsləhətləşmələr aparılıb. Amma maliyyə mənbələri tapılmadığından Şükürbəylidə hətta bir ədəd subartezian quyusu da qazmaq mümkün olmayıb: "Vəziyyəti icra hakimiyyəti də bilir, su idarəsinin rəhbərliyi də. Deyirlər gərək Bakıdan "Azərsu"yun nümayəndəsi gəlib layihə hazırlansın. Bundan sonra vəsait ayrılsa, bir yerdən artezian quyusu qazılar, 5-10 yerə krant çəkilər. Amma deyirlər hələ pul yoxdur, nə vaxt vəsait ayırsalar, onda da işə başlayacaqlar".

Şükürbəylidən fərqli olaraq, 830 ailənin yaşadığı Babi kəndində 1 ədəd artezian quyusu var. Hətta arteziandan bəzi məhəllələrə su boruları da çəkilib. Amma bu, kəndin çox az hissəsini təmin etdiyindən əhalinin əksəriyyəti içməli suyu təxminən 1,5 kilometr aralıda yerləşən qəbiristanlığın yaxınlığındakı bulaqdan gətirir. Təbii ki, at və uzunqulağın köməyi ilə.

Gecənin qaranlığında su dalınca qəbiristanlığa

Babidə eşitdiyimiz bir xəbər susuzluğun insanların taleyinə hansı zərbələri vurduğunu bir daha təsdiqləyir. Kənd sakini Diləfruz xanımın deyir ki, məhz kənddə suyun olmaması səbəbindən onun həyat yoldaşı qorxulu xəstəliyə düçar olub: "Bir-iki ay bundan əvvəl evimizə qonaq gəldi. Axşamçağı olduğundan evdəki suyu işlədib qurtarmışdıq. Ona görə də yoldaşım getdi qəbiristanlığın yanından su gətirməyə ki, qonaqlara yemək-içmək hazırlayaq. Xeyli gözlədik, gəlmədi, narahat olmağa başladıq. Qonşunu çağırdım ki, birdən yoldaşımın başına iş gələr, bir onun dalınca getsin. Qonşu gedəndən bir qədər sonra qapı döyüldü, baxdıq ki, 3-4 nəfər yoldaşımı qucaqlarına alıb gətirdilər. Sən demə, qəbiristanlıqda su götürərkən qorxub, özündən gedib. Hamı peşman oldu, qonaqlar da çay içməmiş getdilər. Yoldaşım isə həftələrlə xəstəxanada yatdı, hələ də özünə gələ bilmir".

"Azərsu" vəd verir

"Azərsu" Səhmdar Cəmiyyətinin Füzulidəki yerli qurumu olam "Sukanal" İdarəsinin baş mühəndisi Atakişi Babayev rayonun əksər kəndlərində mərkəzləşdirilmiş su sisteminin olmadığını təsdiqləyir. Onun sözlərinə görə, hazırda rayonun bütün kəndlərində içməli su təminatı əhalinin öz ixtiyarına buraxılıb. Ən ciddi problem isə cəbhəyanı kəndlərdə, o cümlədən , o cümlədən Şükürbəyli, Babi və Kərimbəylidə müşahidə olunur. Bu problemi daha çox müharibənin dağıdıcı təsirləri ilə əlaqələndirən Atakişi Babayev deyir ki, Qarabağda müharibə başlananadək nə rayon mərkəzinin, nə də kəndlərin su təchizatında ciddi problem olmayıb. 1993-cü ildə isə Füzulinin işğalı nəticəsində rayonun su təchizatı sistemi dağıdılıb. Hətta "Sukanal" İdarəsi 2002-ci ilədək fəaliyyətini dayandırılıb: "İşğaldan əvvəl Şükürbəylidə 500 kubmetr tutumu olan su anbarı vardı və bu, bütün kəndi içməli su ilə təmin edirdi. Amma müharibə zamanı su təchizatı sisteminin dağıdılması, idarənin fəaliyyətini dayandırması rayonda su probleminin bir qədər də dərinləşdirdi. Evlərə gedən su boruları bərbad hala düşdüyündən kənd camaatı suyu uzaq məsafələrdən əlləri ilə daşımağa başladı".

Hazırda su olmayan kəndlərdə problemin aradan qaldırılması istiqamətində tədbirlərə başlandığını deyən Atakişi Babayev bildirir ki, artıq bununla bağlı layihə də hazırlanıb. Onun sözlərinə, görə 2013-2014-cü illərdə rayonun içməli su təchizatı ilə bağlı bütün problemlər aradan qaldırılacaq: "Artıq bu layihələr təsdiq olunub və bəzi kəndlərdə işlərə də başlanıb. İlin sonlarında yəqin ki, bir çox sərhəd kəndlərində bu problemlər aradan qalırılacaq".

İçməli su çatışmazlığı Tərtərin Sarov, Qazian, Qapanlı və Qaynaq, Bərdənin Əliyanlı, Darğalar, Dəymədağlı kəndlərində də əhali üçün ciddi çətinliklər yaradır. Ancaq Füzulinin kəndlərindən fərqli olaraq, Bərdə və Tərtərin yaşayış məntəqələrində problemin həlli istiqamətində az da olsa, müəyyən addımlar atılır. Belə ki, bu kəndlərdə həm "Azərsu" ASC, həm də beynəlxalq humanitar təşkilatları əhalinin suya əlçatanlığının yaxşılaşdırılmasına dair layihələr həyata keçirib. Amma bu da kəndlərdə əhalinin suya əlçatanlığını tam şəkildə təmin edə bilməyib.

Boşa çıxan iki cəhd və...

Qazianda kənd sakinləri ilə söhbətdən məlum olur ki, son bir neçə ildə burada Beynəlxalq Qırmızıxaç Cəmiyyəti və "Azərsu" ASC hər biri ayrı-ayrılıqda iki artezian quyusu qazıb. Ancaq bu layihələrin heç biri gözlənilən nəticəni verməyib. Sakinlər bildirirlər ki, hələ 2010-cu ildə Qırmızıxaç Cəmiyyəti kəndin kənarında bir ədəd artezian quyusu qazıb və buradan 8 nöqtəyə su xətti çəkib. Lakin təxminən bir il sonra arteziandan buraxılan suyun təzyiqi azaldığından bulaqların əksəriyyətinə su çatmayıb. Bundan sonra isə "Azərsu" ASC dövlət vəsaiti hesabına kənddə yeni artezian quyusu qazıb. Amma bunda da qazianlıların bəxti gətirməyib. Belə ki, "Azərsu"yun qazdığı quyudan çıxan su keyfiyyətsiz olduğundan istifadəyə yaramayıb. Bu səbəbdən də 140 ev təsərrüfatı olan Qazian kəndinin əhalisi Beynəlxalq Qırmızıxaç Cəmiyyətinin qazdığı yeganə artezian quyusunun ümidinə qalıb.

Kənd sakini Böyükağa Vahidov susuzluğun onlar üçün ciddi çətinliklər yaratdığını deyir. Onun sözlərinə görə, hər gün bu kənddə su üstündə əməlli-başlı dava-dalaş olur: "Biri arteziandan çəkilən bulaqdan su götürmək istəyirsə, başqa bir bulağın krantı bağlı olmalıdır. Çünki arteziandan gələn su zəif olduğundan bulaqlardan yalnız birinə su çatır. 2-3 bulağın krantı eyni vaxtda açıq olanda heç birinə su gəlmir. Ona görə də bulaqlardan birindən su götürən adam o biri bulağa gələnlərə yalvarmalıdır ki, suyu bağlasın. Yoxsa, su götürmək mümkün deyil. İndi 150-yə qədər ailənin yaşadığı bu kəndin camaatı bir artezianın ümidinə qalıb".

Elə Qaziana bitişik kiçik kənd olan Qapanlıda da eyni vəziyyət hökm sürür. Kənd sakinləri deyirlər ki, Beynəlxalq Qırmızıxaç Komitəsi 2011-ci ildə burada da bir artezian quyusu qazıb. Hazırda kənddən xeyli aralıda yerləşməsinə baxmayaraq, qapanlıların bir qismi içməli suyu bu arteziandan götürür. Digərləri isə ya cibinin puluna güvənməli, uzaq məsafələrdən əllərində su daşımalıdır.

...Nümunəvi model

Qazian və Qapanlıdan fərli olaraq, qonşu Qaynaq kəndində içməli su təchizatında müəyyən irəliləyişlər var. Bu irəliləyiş isə "Aran" Humanitar Regional İnkişaf İctimai Birliyinin (HRİİB) Avropa Birliyi və "Oxfam-Azərbaycan" təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə sayəsində mümkün olub. Belə ki, Avropa Birliyi və "Oxfam"ın 2010-cu ildə Aran bölgəsində 20 kənddə qurduğu mərkəzləşdirilmiş su sistemi layihələrindən biri məhz Qaynağın payına düşüb. Tərtərin Qaynaq kəndində olarkən öyrəndik ki, həmin layihəyə uyğun olaraq yerli bələdiyyənin iştirakı və dəstəyi ilə burada bir ədəd artezian quyusu qazılıb. Hətta artezian quyusundan 33 ailənin həyətinə birbaşa su xətti də çəkilib.
Kənd sakini Yaşar Behbudov bu layihənin icrasından sonra Qaynaqda içməli su probleminin xeyli dərəcədə yaxşılaşdığını deyir.

Yeri gəlmişkən, "Oxfam"ın maliyyə dəstəyi ilə içməli su şəbəkəsinin qurulduğu ərazilərdə istehlakçılar hər kubmetr suya görə 30 qəpik ödəyir. Ödənişlər bir qayda olaraq, nağd şəkildə yerli icmanın bələdiyyələrlə birgə təsis etdiyi MMC-lərə ödənilir və buna görə istehlakçıya qəbz də verilir. Yığılan puldan elektrik enerjisinin haqqı ödənildikdən sonra yerdə qalan vəsaitin 20 faizi bələdiyyənin hesabına köçürülür, digər hissəsi isə MMC-nin bank hesabında saxlanılır.


Bununla belə, 465 ev təsərrüfatının olduğu Qaynaqda əhalinin əksəriyyəti yenə də susuzluqdan əziyyət çəkir. Belə ki, "Oxfam"ın içməli su layihəsi cəmi 33 ailənin suya ola təminatını ödədiyindən, digər ailələr içməli suyu yenə də uzaq məsafələrdən daşımalı olur. Elə buna görə də Kənd İnvestisiya Layihəsi çərçivəsində Qaynaqda yeni su təchizatı sistemi yaradılır. Təşkilatın nümayəndəsi Oqtay Hüseynov bildirir ki, artıq kənddəki subartezian quyusundan küçələrə su xəttinin çəkilməsinə başlanıb. Onun sözlərinə görə, kəndin ərazisində 14 nöqtədə ümumi xətlərinin uzunluğu 40,6 kilometr olan krantlaşdırılmış bulaq qoyulacaq.

"Pensiyamızı suya xərcləyirik"

Tərtərin Sarov kəndində isə su çatışmazlığı əhalinin sosial vəziyyətini ağırlaşdıran ciddi səbəblərdən biridir. Burada vəziyyət o qədər ağırdır ki, insanlar yeganə gəlir mənbəyi olan pensiya və müavinətlərinin əsas hissəsini içməli su almağa xərcləyir. Sakinlər bildirirlər ki, onlar 20 ildir içməli suyu qonşu kəndlərdən pulla gətizdirirlər. Hətta bəzi ailələr taksi tutaraq Goranboyun Qərvənd kəndindən su gətirməyə gedir.

Kənd sakini Möhübbət Quliyev bildirir ki, burada təkcə içməli suyu yox, həm də suvarma suyunu pulla alırlar. Onun sözlərinə görə, hazırda Sarov kəndində cəmi bir artezian var. Bu isə yalnız suvarma suyudur: "Əkin sahələrinin suvarılmasına üçün hər saata görə 1 manat ödəyirik. İçməli suyu da pulla alırıq. Kənd camaatı ayda iki dəfə kanaldan bir maşın su gətizdir və hər dəfə buna görə 6 manat ödəyirik. Biz hər dəfə pensiya və müavinətləri alanda suyun pulunu bəri başdan ayırıb kənara qoyuruq ki, növbəti ayın pensiyası gələnə qədər susuz qalmayaq".

Zərifə Qafarova adlı sakin isə içməli suyu Tərtər şəhərindən gətizdirdiklərini 10 ton bulaq suyu üçün 16 manat ödədiklərini söyləyir: "Bəzən kəndin yaxınlığından keçən kanalda su olsa da, ondan istifadə edə bilmirik. Çünki ermənilər kəndə gələn suya dərman tökürlər. Ona görə də camaat kanalın suyundan istifadə etməkdən çəkinir".

Bərdəlilərin su dərdi...

Eyni problemlər Bərdədə də yaşanır. Hazırda bu rayonun əksər kəndlərində suvarma suyundan həm də içmək üçün istifadə edirlər. Bir çox kənlərdə isə heç kənd təsərrüfatı təyinatlı artezian quyuları da yoxdur və belə yaşayış məntəqələrində suyu adətən, pulla alırlar. Bunların arasında Əliyanlı, Darğalar, Çələbilər, Dəymədağıldı, Mollagüllər kəndləri də var.

Xatırladaq ki, "Oxfam"ın dəstəyi ilə su mənbələrinin yaradıldığı kəndlər arasında bu rayonun yaşayış məntəqələri sayca üstünlük təşkil edir. Bunların arasında Əliyanlı, Çələbilər, Hacallı və Alpout xüsusilə seçilir. Belə ki, yerli bələdiyyələrin də iştirakı ilə reallaşdırılan bu layihələr həmin kəndlərin içməli su təchizatındakı problemləri xeyli dərəcədə lokallaşdıra bilib. Məsələn, "Aran" humanitar təşkilatının reallaşdırdığı layihə nəticəsində 180 ev təsərrüfatından ibarət Əliyanlıda 120 ailə kəndin mərkəzində qurulmuş bulaqdan bəhrələnə bilir. Yerdə qalan 60 ailə isə hələ də içməli suyu pulla qonşu kəndlərdəki artezianlardan və ya rayon mərkəzindən gətizdirir.

Əliyanlıdan bir neçə kilometr aralıda yerləşən Darğalarda isə necə deyərlər, "su" deyənin boğazı quruyur. Bu kəndin sakinləri həyətlərdəki bulanıq və keyfiyyətsiz quyulardan çıxan "kaçalka" suyunun ümidinə qalıblar. Qarakişi Məmmədov adlı sakin kənddə bir artezian quyusunun fəaliyyət göstərdiyini, ancaq oradan çıxan suyun texniki su olduğunu deyir: "Camaat o sudan istifadə edə bilmir. Çünki texniki sudan istifadə çox təhlükəlidir, böyrəkləri sıradan çıxarır. Ona görə də camaat ya quyu suyundan istifadə edir, ya da pulla su gətizdirir".

Darğalar və Əliyanlı kənd bələdiyyəsinin sədri Telman İbişov hər yaşayış məntəqəsində içməli su təchizatının olduğunu təsdiqləyir. Ancaq onun fikrincə, Darğalardakı vəziyyət daha acınacaqlıdır: "Əliyanlıda "Oxfam"ın dəstəyi ilə qurduğumuz bulaqdan əhalinin çoxu istifadə edir. 120 ailə kollektiv şəkildə bir sayğaca bağlı olan bulaqdan su götürür. Darğalarda isə belə imkan yoxdur və orada camaat hamılıqla susuzluqdan əziyyət çəkir".

Dəymədağıldının dağılmış artezianları

Sonuncu dayanacağımız Dəymədağıldıda isə 3 artezian quyusu var. Ancaq burada da insanların içməli su problemi uzun illərdir həllini tapmır. 487 ev təsərrüfatı olan bu kəndin girişindən ta axırına qədər yollarda çiynində səhəng, əllərində vedrə su daşıyan xanımlarla hər an rastlaşmaq olar. Çiynində səhəng su dalınca gedən Solmaz xala deyir ki, hazırda kənddə 3 artezian quyusu olsa da, onlardan yalnız biri işləyir. Onun sözlərinə görə, kənd camaatı içməli suyu da elə bu artezandan daşıyır.

Kəndin bələdiyyə sədri Seymur Kərimov isə mövcud vəziyyətə belə aydınlıq gətirir: "Kənddə su problemi əhalinin yaşayışına, sosial inkişafa çətinlik yaradan başlıca səbəbdir. Burda 3 artezian quyusundan yalnız biri işləyir ki, onu da "Oxfam"ın maliyyə dəstəyi ilə "Aran" təşkilatı düzəldib. Həmin arteziandan 26 evə su xətti çəkilib. Amma faktiki olaraq bu sudan kəndin 3/1 hissəsi istifadə edir".
O ki, qaldı digər iki artezianın işləməməsinə, bələdiyyə sədri bunu maliyyə çatışmazlığı ilə əlaqələndirir. Seymur Kərimov deyir ki, sıradan çıxmış artezianların fəaliyyətini bərpa etmək əhalinin və bələdiyyənin imkanı xaricindədir: "Hər iki artezianı düzəltdirmək üçün kifayət qədər vəsait tələb olunur. Bələdiyyə bu işi görə biləcək gücdə deyil. Çünki bələdiyyənin büdcəsi boşdur, camaat da kasıbdır, heç kəs kömək edə bilmir".

Elxan SALAHOV