Əsir düşən 2 erməninin qaytarılması müzakirə olunur

19 Mart 2013 09:42 (UTC+04:00)
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası iki erməni mülki şəxsin geri qaytarılmasında vasitəçi olmaq üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinə müraciət edib.

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Öz növbəsində, BQXK mandatına uyğun olaraq fəaliyyətə hazır olduğunu bəyan edib.

İ. Hüseynova iki erməni mülki şəxsin qaytarılmasının nə zaman baş tutacağının münaqişə tərəflərindən asılı olduğunu da deyib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç martın 16-sı saat 16.50-də, Ermənistan Respublikasının İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna isə martın 17-si saat 16.20-də təmas xəttinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Silahlı Qüvvələrimiz tərəfindən saxlanılıblar.

Əsirlərin hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır.

Onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına veriliblər.

Komissiyanın İşçi Qrupunun rəhbəri Firudin Sadıqov APA-ya açıqlamasında Azərbaycan tərəfə keçən iki yaşlı erməni mülki şəxsin geri qaytarılacağını deyib.

AzNews.az