Deputatdan köməksiz uşaqlarla bağlı çağırış: “Yardım edilməlidir”

1 İyun 2018 11:42 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa 1 iyun uşaqların müdafiəsi günündən danışarkən deyib. Deputatın sözlərinə görə, bu günün əsas mənbəyi birbaşa BMT-dir:

“Hər bir ölkəyə tövsiyə olunur ki, bu tarixi özəl olaraq diqqətdə saxlasınlar və cəmiyyətdə uşaqların müdafiəsi işinə insanların həssaslığını stimullaşdırsınlar. Əslində burada bütün il müddətində müdafiəyə ehtiyacı olan uşaqların halının yalnız bir gündə diqqətdə saxlanmasından söhbət gedə bilməz. Bu, insanlığa bir çağırışdır, bir xatırlatmadır ki, uşaqları zorakılıqdan, istismardan, şiddətdən qorumağa daha da diqqətlə yanaşılsın. Uşaqların müdafiəsi günü yalnız onların qorunması ilə məhdudlaşa bilməz. Burada həm də uşaqların özlərini müdafiə vərdişinə alışdırmağa diqqət yetirilməlidir. Əlbəttə, ilk növbədə fiziki baxımdan hər bir uşağın elementar özünüqoruma vərdişlərini qazanması önəm daşıyır. Saldırqanlıq üçün deyil, məhz özünümüdafiə üçün oğlanlarımızla yanaşı qızlarımızı da idmanın əlbəyaxa növlərinin birində hazırlıqlı səviyyəyə gətirmək hər bir valideyn üçün zəruri addım sayılmalıdır. Digər hər hansı bir idman növündə də sağlamlıq imkanlarını artırmaq işin ancaq faydasına olardı. Ardınca isə iki vacib komponent gəlir: bilgi və əxlaq. Bilgisiz uşaq bəri başdan həyat şərtləri qarşısında müdafiəsiz, immunitetsiz uşaqdır. Özünümüdafiənin təməlində bilgi sahibi olmaq ciddi yer tutur. Qarşısına çıxan problemləri çözmək üçün ağlın imkanlarını istifadə etmək qabiliyyəti məhz uşaq vaxtından aşılanmalıdır. Bunun üçün də Azərbaycan uşaqlarına orta məktəb illərindən məcara, fantastika və hətta bəzən avantüra içərikli ədəbiyyatı mütailə, eləcə də əmək vərdişləri, bəsit texniki konstruksiyalar həvəs yaradılmalıdır. Bilgi qazanma prosesi ilə paralel şəkildə uşaqlara davranış əxlaqı, zəruri ədəb qaydaları məqsədyönlü şəkildə izah olunmalıdır. Bu həm cəmiyyətdə xeyirli, faydalı insanların gələcəkdə çoxluğunun təminatı üçün vacibdir, həm də valideynin gələcəkdə öz rahatlığı, xeyirli övladdan həzz alması üçün faydalıdır”.

Deputatın fikrincə, 1 iyun gününun mahiyyəti uşaqların müdafiəsindən daha çox onlarda özlərini müdafiə vərdişlərinin yaradılmasına diqqət yönəltməkdir:

“Haqlı olaraq deyilə bilər ki, dünyada ac-yalavac, valideyn himayəsindən məhrum, təhsil almaq imkanı olmayan milyonlarla uşaq bəs nə etsin? Onlar üçün bəsit bir yaşam standartları əlçatan deyil, o ki, qalsın fiziki sağlamlıq, bilgi və əxlaq barədə düşünülsün. Doğrudur, onların da problemləri bütün bəşəriyyət tərəfindən çözülməli, yardım edilməli, dəstəklənməlidirlər. Xüsusilə də əlilliyi olan, autizm kimi xəstəliklərdən əziyyət çəkən uşaqlara ciddi reabilitasiya imkanları yaradılmalıdır. Burada biz uşaqların gələcək üçün hazırlanmasının ümumiləşdirilmiş modeli üzərində düşüncələrimizi paylaşmağa çalışırıq. O fikri təlqin etmək istəyirik ki, fiziki, bioloji anlamda böyüklər uşaqları heç olmazsa, zorakılıqdan, şiddətdən mexaniki vərdişlə qorusunlar, mənəvi anlamda böyüklər isə fiziki sağlamlıq, bilgi və əxlaq kimi komponentlərin uşaqların yaşamına daxil olmasına yardım etsinlər, onları özlərini qoruyacaq qədər hazırlıqlı olmağa yönləndirsinlər. Uşaqları qorumaq məsuliyyəti ilk öncə insanı sevməkdən başlayır, yaradılana yaradana görə dəyər verməkdən başlayır. Uşaqları qorumaq həm də öz gələcəyimizin sağlam təminatını düşünməkdir”.

Bahar RÜSTƏMLİ
AzNews.az