Cənub Qaz Dəhlizi mühüm strateji əhəmiyyətə malikdir - Deputat

1 İyun 2018 15:33 (UTC+04:00)

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, Cənub Qaz Dəhlizi strateji baxımdan çox mühüm layihədir. Onun bu keyfiyyəti təkcə regionumuz üçün deyil, bütövlükdə istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları baxımından da olduqca strateji əhəmiyyətlidir.

Hikmət Babaoğlu deyib ki, ən mühüm məsələ hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində aktual olan enerji təhlükəsizliyi məsələsidir. Bu kontekstdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi alternativ təhlükəsizlik kəməri kimi qiymətləndirilir. Cənub Qaz Dəhlizinin Azərbaycanda və eyni zamanda, tranzit və istehlakçı ölkələrdə mühüm sosial problemləri həll edən uzunmüddətli və ya daimi iş yerləri təmin edən layihə olduğunu deyən müsahibimiz vurğulayıb ki, bu layihənin ən mühüm cəhətlərindən biri də yeni beynəlxalq əməkdaşlıq platforması yaratmaqla ölkəmizin beynəlxalq münasibətlərdə yerini və rolunu daha da yüksəltməsidir. Prezident İlham Əliyevin nitqindən sitat gətirən Hikmət Babaoğlu bildirib ki, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət edəcək.

Deputat, həmçinin əlavə edib ki, Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, dövlətimiz qarşısına qoyduğu bütün hədəflərə çatır və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır. Əgər Cənub Qaz Dəhlizinin açılışı mərasiminə ABŞ, Böyük Britaniya, OPEC və s. kimi dövlətlərin və beynəlxalq təşkilatların nə qədər diqqət yetirdiklərini də nəzərə alsaq, onda biz bu layihənin mühüm iqtisadi tərəfləri ilə yanaşı, siyasi tərəflərini də obyektiv qiymətləndirə bilərik. Bu layihənin ən mühüm cəhətlərindən biri də Azərbaycana məxsus layihə olmasıdır. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu layihənin reallaşması ölkəmizin beynəlxalq münasibətlərdə nə qədər mühüm aktor olmasını bir daha təsdiqləyir.

AzNews.az