“Ergenekon“çulara ömürlük cəza tələbi

19 Mart 2013 11:46 (UTC+04:00)
Türkiyədə "Ergenekon" işi üzrə məhkəmə istintaqı yekunlaşır. APA-nın xəbərinə görə, dövlət ittihamçısı martın 18-də keçirilən məhkəmə prosesində ittiham aktını elan edib.

İttiham aktında prokuror 64 nəfərin ömürlük həbs cəzasına məhkum edilməsini istəyib. Onların arasında sabiq Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ, silahlı qüvvələrdə komandan vəzifələri tutmuş ordu generalları Şənər Əruyğur, Hurşut Tolon, Hasan Iğsız, Nüsrət Taşdələr, general Vəli Küçük, Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkilləri – məşhur jurnalist Mustafa Balbay, dünya şöhrətli həkim, professor Mehmet Haberal və Ankara Ticarət Palatasının keçmiş sədri Sinan Aygün, İşçi Partiyasının lideri Doğu Pərinçək, məşhur jurnalist Tuncay Özkan, tanınmış alimlər Kamal Gürüz, Kamal Ələmdaroğlu, Erol Manisalı, Emin Gürsəs, Yalçın Küçük, vəkil Kamal Kerinçsiz və digər şəxslər var. Bu şəxslər "Türkiyə hökumətini zor tətbiq etməklə devirmək və ya hökumətin öz vəzifəsini icra etməsinə əngəl törətmək" cəhdində ittiham olunur.

İttiham aktı elan edildikdən sonra hakim vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün 3 həftə vaxt verib və növbəti prosesin aprelin 8-də keçiriləcəyini açıqlayıb.

AzNews.az