“Mülki aviatorlarımız 5 min kəlbəcərlinin təxliyəsində böyük fədakarlıq göstəriblər”

2 İyun 2018 20:35 (UTC+04:00)

Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə əlamətdar gün münasibətilə AZƏRTAC-a açıqlamasında bildirib ki, mülki aviatorlarımız birinci Qarabağ müharibəsində baş vermiş döyüşlərdə, xüsusilə 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər rayonunun 60 minlik əhalisinin soyqırımı təhlükəsindən xilasında da böyük fədakarlıqları ilə yadda qalıblar. 1993-cü ilin martında - Kəlbəcər döyüşlərinin ən qızğın vaxtlarında əhalinin bir hissəsini təxliyə edilməsini həyata keçirə biləcək yeganə çarə mülki aviasiya idi. Onlar hərbi helikopterlərin mühafizəsi altında dağ yolları ilə hərəkət edə bilməyən beş minədək uşaq, qoca və qadını xilas ediblər. Bu, pilotlarımız üçün olduqca həyəcanlı və məsuliyyətli proses idi. Çünki həmin vaxt minlərlə insanın taleyi onlardan asılı idi.

Qeyd olunub ki, 1993-cü il martın 31-dən Kəlbəcər əhalisinin təxliyəsi Azərbaycan dövləti üçün həyati əhəmiyyət kəsb edirdi. Təxliyə Kəlbəcər-Yevlax istiqamətlərində həyata keçirilirdi. Bu işə 25 “Mİ-8” və 16 “Mİ-2” helikopteri cəlb olunmuşdu. Ümumilikdə isə 13-14 helikopter əhalinin təxliyəsində iştirak edirdi. Bir helikopter havaya qalxan kimi digəri gözləyən insanları götürmək üçün yerə eniş edirdi. Helikopterin çəkisini azaltmaq və daha çox insanın daşınmasına şərait yaratmaq məqsədilə minimum yanacaq götürülürdü. Hər helikopter 24 nəfərlik olmasına baxmayaraq, bir dəfəyə maksimum 70 nəfər daşınırdı.

Helikopterlər düşmənin atəşi altında öz xilaskar missiyasını həyata keçirirdi. Belə uçuşlar zamanı açılan atəşlər nəticəsində helikopterdəki insanlar həlak olurdu. Sonuncu reys 1993-cü il aprelin 2-də həyata keçirilmiş və ümumilikdə beş minə yaxın insan xilas edilib.

Qeyd edək ki, 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər rayon əhalisinin təxliyəsi prosesində iştirak edən 10 pilot ümumilikdə beş min nəfərin xilas olunmasında böyük fədakarlıq göstərib.

Əzizağa Qənizadə əlamətdar gün münasibətilə Azərbaycanın bütün aviatorlarını təbrik edib, onlara aydın səma, hava nəqliyyatının təhlükəsiz və səmərəli istismarında daha böyük nailiyyətlər arzulayıb.

AzNews.az