Göyçay çayının Ucarın Lək kəndindən keçən hissəsində son vəziyyət

3 İyun 2018 15:25 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, çayda suyun səviyyəsi nisbətən azalsa da, təhlükə hələ qalır.

Lək kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Əfqan Rəhimov bildirib ki, bu gün səhər saatlarında çaydan Lək kəndi istiqamətinə sızma baş verib. Görülmüş zəruri tədbirlər nəticəsində sızmanın qarşısı qısa müddət ərzində alınıb. Ə. Rəhimov onu da qeyd etdi ki, ötən gündən etibarən çay boyu sızma və uçma təhlükəsi olan bütün ərazilər ciddi nəzarətə götürülüb.

Qeyd edək ki, ötən gün güclü yağış nəticəsində yaranan sel suları səbəbindən Ucar-Zərdab avtomobil yolunun Göyçay çayının Ucar rayonunun Lək kəndindən keçən hissəsindəki avtomobil körpüsünün və çayın hər an uçma təhlükəsi yaranıb. Bu səbəbdən əraziyə xeyli sayda ağır texnikalar cəlb olunub. Göyçay çayından Ucar rayonunun Xalac kəndinə ayrılan qolda suyun qarşısını ərazidə olan texnikalarla kəsmək mümkün olmadığından qonşu rayonlardan da ağır texnikalar əraziyə cəlb olunub.