Bakıda 5 min tələbə üçün şəhərcik salınacaq

19 Mart 2013 12:26 (UTC+04:00)
Martın 13-dən Bakı Dövlət Universitetinin (BDU) tələbə yataqxanalarında yerləşən məcburi köçkünlərin köçürülməsinə başlanılıb.

Artıq bir neçə gündür ki, bu proses davam edir. Məcburi köçkünlər Müşfiqabadda onlar üçün tikilən yeni evlərə köçürülürlər. İndiyə kimi isə, Bakı Dövlət Universitetinin yataqxanalarında 730 məcburi köçkün ailəsi məskunlaşmışdı. Bu isə ümumi yataqxanaların 97 faizini təşkil edir. Məcburi köçkünlərin yataqxanalardan çıxarılması prosesi tamamlanandan sonra köhnə binaların hamısı söküləcək. Yerində isə müasir tələbə şəhərciyi salınacaq. Faktı "Yeni Müsavat"a açıqlamasında BDU-nin tələbə şəhərciyinin direktoru Rza Cabbarov da təsdiqləyib. Köçürülmə ilə bağlı danışan şəhərciyin direktoru bildirib ki, 8 və 9 saylı yataqxanaların köçürülməsində sonra yerdə qalan digər 5 mərtəbəli yataqxanada yaşayan ailələrin köçürüləcəyini bildirib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə isə BDU-nun yataqxanalarında məskunlaşan 733 ailə və ya 2736 nəfər hamısı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən 1410 ailəlik yeni məhəllədə məskunlaşacaqlar. Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasındakı 677 ailə də bu qəsəbəyə köçürüləcək.

BDU-nun yataqxanalarının köçürülməsinin dəqiq nə zaman başa çatacağı hələlik məlum deyil. Yataqxanalarının köçürülməsi başa çatandan sonra Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarının köçürülməsinə başlanacaq. ADNA yataqxanalarında məskunlaşan məcburi köçkünlər Masazır qəsəbəsinə köçürüləcək.

Eyni zamanda köçürülmədən sonra köhnə binalar sökülərək yerində yeni tələbə şəhərciyi salınacaq. Yeni salınacaq BDU-nun tələbə şəhərciyinin ümumi sahəsi 32445 kvadrat metrdir. Yataqxanalarda otaqların sayı 2282, burada yaşayacaq tələbələrin sayı isə 4470 nəfər olacaq.

Tələbə şəhərciyi 4 korpusdan ibarət olacaq. A korpusu 17 mərtəbəli bina, B-C korpusları 13 mərtəbəli, E korpusu isə 14 mərtəbəli binalar olacaq.
Şəhərcik ərazisində piyadalar və velosipedçilər üçün yollar olacaq. A Korpusunda 4 ədəd lift quraşdırılacaq. Yataqxana kompleksində sərgi zalı, tibb məntəqəsi, kitabxana, mağaza, 200-400 nəfərlik iclas zalları, bərbərxana, fitnes zalları, İnternet-kafe, 2 mərtəbəli yeməkxana olacaq.

AzNews.az