“Yoxsa Rusiya XİN Paşinyandan çəkinir?” - Vüqar Rəhimzadə

4 İyun 2018 18:01 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsini şərh edərkən bildirib.

V.Rəhimzadə qeyd edib ki, Rusiya XİN rəsmisinin azərbaycanlı jurnalistin sualına verdiyi cavabın sonradan nazirliyin saytında “redaktə” edilməsi təəssüf doğurur:

“Təəssüf ki, Rusiya Xarici İşlər Nazirliyi Artyom Kojinin “Paşinyanın qeyri-konstruktiv və ATƏT-in düzdüyü relslərə uyğun gəlməyən bəyanat verməsi” barədə fikirlərini dəyişib, Azərbaycan jurnalistini isə qınaq obyektinə çevirib. Görəsən, bunun səbəbi nədir? Yoxsa Rusiya XİN Paşinyandan çəkinir? Bəlkə bu bəyanatın arxasında başqa qaranlıq məqamlar var? Hər bir halda Artyom Kojinin verdiyi bəyanatın arxasında dayanmaması, məsələnin ermənilərə xoş gələcək tərzdə təqdim edilməsi ədalətsizlikdir. Biz zaman-zaman Rusiya XİN-in ölkəmizə qarşı bu cür qərəzli münasibətlərinin şahidi oluruq və öz etirazımızı bildiririk. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə daha diqqətli və həssas olmalı, ədalət prinsipini gözləməli, ikili standartlara yol verməməlidir”.

AzNews.az