Qazaxıstanla oyunda debütantlar olacaq? - Qurban Qurbanovdan açıqlama

4 İyun 2018 18:35 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı Qazaxıstanla sabah keçiriləcək yoldaşlıq oyunu barədə fikirlərini açıqlayıb.

- Bizi maraqlı oyun gözləyir. Rəqib güclüdür. Klub səviyyəsində bir çox nailiyyətlər qazanan yeni baş məşqçiləri var. İstərdim ki, sabah komandam baxımlı oyun göstərsin və yaxşı nəticə qazansın.

- Bu toplanışa yeni futbolçular dəvət etmisiniz. Sabahkı oyunda debütantlardan hansınısa meydanda görmək mümkün olacaq?

- Bəli, mümkündür. Heyəti dəyişəcəyik. Hətta oyunun gedişində müəyyən dəyişikliklər edəcəyik. Milliyə çağırılan bütün futbolçular şans qazanacaqlar.

- Sizin üçün əsas motivasiya nə olacaq?

- Qazaxıstan millisi oyuna çox ciddi köklənib. Amma biz də irliləmək istəyirik. Bu görüşlər Millətlər Liqası öncəsi son sınaqlardır. Biz də bu turnirə ən yaxşı şəkildə hazırlaşmaq istəyirik.

- Qazaxıstan millisinin oyununda hansı üstün və zəif cəhətləri qeyd edə bilərsiniz?

- Rəqibimizin Bolqarıstan və Macarıstana qarşı son iki oyununu izləmişəm. Deyə bilərəm ki, intizamlı oynayırlar, müdafiədən hücuma tez çıxırlar. Bu cür komanda ilə oynamaq asan olmayacaq.

- Qazaxıstanın heyətində ən təhlükəli futbolçu kimi hesab edirsiniz?

- Fərdi qaydada kimisə fərqləndirmək istəmirəm. Oyunçularım Qazaxıstanın üstün tərəfləri barədə bütün məlumatlara sahibdirlər.

- Sabah komandanız meydana yoldaşlıq oyunu olduğunu düşünərək çıxacaq?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Qarşıdakı matç da istisna olmayacaq. Aydındır ki, çoxları Qazaxıstana qarşı ilk dəfə oynamayacaqlar. Bu isə bizim rəqibi tanımağımızdan xəbər verir.