Axır çərşənbə günündə nələri etmək olmaz – MARAQLI

19 Mart 2013 14:55 (UTC+04:00)
Axır çərşənbədə çimərlər.
Axır çərşənbədə evdən pul verməzlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbə günü borc un verməzlər.
Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər.
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
Axır çərşənbə günü evdən ağartı verməzlər.
Axır çərşənbə günü zahı üstünə getməzlər.
Axır çərşənbə günü evdən çörək verməzlər.
Axır çərşənbə gecəsi tez yatmazlar.
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar...

Çərşənbə fallarının bir neçəsi...

İlaxır çərşənbənin subay qızlar üçün ən həyəcanlı hissəsi çərşənbə fallarıdır. Belə ki, subay qızlar əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.

Qonşulardan birinin qapısına yaxınlaşıb sakitcə pusurlar. Bu zaman eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən fikirlər söyləyirlər.

Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürsən.

Ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyir. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı başlamalıdı.

Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.

Axır çərşənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın üzərində qırmızı cızıqlar olsa xöşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir.

Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.

Xəyalə
AzNews.az