"Siyasi iradə və qətiyyət "əfsanələri” reallığa çevirə bildi" - Elman Nəsirov

5 İyun 2018 12:28 (UTC+04:00)

Bu sözləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Cənub Qaz Dəhlizinin açılışına münasibət bildirərkən dedi. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və bir neçə gün əvvəl təntənəli açılışı olan Cənub Qaz Dəhlizi kəməri ölkəmizin dünya miqyasındakı nüfuzunun daha da artmasına təkan verən layihələrdir:

"Bunlar, əslində, miqyasına görə elə də böyük olmayan Azərbaycan dövlətinin sözünün çox böyük çəkiyə malik olduğunu göstərir. Ölkəmiz hansı layihə və təşəbbüslə çıxış edirsə, bu, mütləq öz məntiqi həllini tapır. Xatırlatmaq istərdim ki, bir vaxtlar “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars layihələrini əfsanə hesab edirdilər. Amma dövlət başçımızın siyasi iradəsi, qətiyyəti bu “əfsanələri” reallığa çevirə bildi.

E.Nəsirov bildirdi ki, bu nəhəng layihənin açılış mərasiminin keçirilməsi həm iqtisadi, həm də siyasi baxımdan yüksək nailiyyətdir. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi kəmərinin rəsmi açılışı bütün dünyaya göstərdi ki, Azərbaycan nəhəng bir layihənin təşəbbüşkarıdır. Təbii ki, belə bir layihəni təkbaşına həyata keçirmək qeyri-mümkündür. Çox mürəkkəb, iqtisadi, texniki xüsusiyyətlərə malik olan bu layihənin həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlığa nail olmaq, etibar qazanmaq vacib idi. Və bu gün bu layihə Avropanın meqa layihəsi adlandırılır. Avropanın Cənub Qaz Dəhlizindən böyük ikinci belə bir layihəsi yoxdur.

Deputat vurğuladı ki, hazırda respublikamız dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. 1994-cü ildə ulu öndər Heydər Əliyevin müstəsna xidməti sayəsində “Əsrin müqaviləsi” imzalandı. O vaxtdan bəri daha 34, ümumilikdə Azərbaycanın iştirakı ilə 35 beynəlxalq neft müqaviləsi imzalanıb:

"Bu, son dərəcə ciddi zəmanət deməkdir. Qarşı tərəflərdə, yəni bizimlə əməkdaşlıq edən dövlətlərdə, iri şirkətlərdə bir inam yaranır ki, Azərbaycanla bu sahədə əməkdaşlığa dəyər.

Politoloq bildirdi ki, Cənub Qaz Dəhlizi kəmərinin açılış mərasiminin keçirildiyi günün – 29 may tarixinin həm də simvolik mənası var. 28 May Azərbaycan Cümhuriyyətinin 100 illiyi, 29 may isə XXI əsrin ən böyük layihələrindən birinin açılış günü oldu. Cümhuriyyət liderlərinin ən böyük arzularından biri isə neftimizin dünya bazarına ­çıxarılması idi. Cənab Prezident İlham Əliyev də açılış mərasimində bu məqamı vurğulayaraq dedi ki, Cümhuriyyəti yaradan o böyük şəxsiyyətlər Azərbaycanın bugünkü vəziyyətini görsəydilər – Azərbaycan müstəqil dövlət kimi öz neftinin və qazının bir sahibi olaraq nə qədər inkişaf edib – onlar bundan qürur duyardılar…

Elgün Mənsimov
AzNews.az