Fəttah Heydərov gəncləri etiraz aksiyalarından çəkinməyə çağırdı

19 Mart 2013 16:26 (UTC+04:00)
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov yap.org.az-a müsahibə verib. Müsahibədə ölkədə gedən tikinti-quruculuq və abadlıq işlərindən, regionların çiçəklənməsindən, xalqın rifahının yüksəlməsindən danışan ağsaqqal deputat gənclərin təşkil etdiyi etiraz aksiyalarından da danışıb.

F.Heydərov deyib: "İnsanlarımız, o cümlədən gənclər bilməlidir ki, müxtəlif şüarlarla qanunsuz aksiyalar keçirib sabitliyi pozmaq heç zaman milli maraqlarımıza uyğun ola bilməz. Ətrafımıza yaxşı nəzər salmaq lazımdır: xarici qüvvələrin təhriki ilə demokratiya və insan haqları şüarları ilə etiraz nümayişləri keçirən və ciddi qarşıdurmalarla hakimiyyət dəyişiklikləri edən xalqların vəziyyətinə baxmaq lazımdır. Onlarda hələ də nə sabit, nə demokratik, nə də hüquqi dövlət bərqərar olmayıb. Bu ölkələrdə dağıdıcılıq prosesləri davam etməkdədir və bunun sonu hələ görünmür. Bütün bunlar onu göstərir ki, qarşıdurma müharibənin üverturasıdır, xalqın fəlakətli gələcəyinin "qaranquşudur". Ona görə də, insanlarımız, xüsusilə gələcəyimiz olan gənclər kimin kim olduğunu görməli və sonra mövqe ortaya qoymalıdır. Dövlətimiz demokratiya yolu ilə gedir və kiminsə uydurduğu demokratiya bizə lazım deyil. Kənardan kimsə bizi etiraza səsləməməlidir. Biz özümüz nəyə etiraz etdiyimizi, nəyə qarşı çıxa biləcəyimizi daha yaxşı bilirik və hər hansı problemi də özümüz həll etməyə qadirik. Ona görə də, heç kəsin təhrikinə uymaq lazım deyil".

Deputat müasir gəncliyin müstəqil Azərbaycanın gələcəyini düşünməli və dövlətimizin daha da güclənməsi üçün öz töhfələrini verməyə çalışmalı olduqlarını bildirib: "Bunu isə onlar yalnız öz bilik və bacarıqları, intellektual səviyyələri ilə edə bilərlər. Bu imkanları müasir dövlətimiz gənclər üçün yaradıb".

AzNews.az