Zəlzələdə xəsarət alanlardan biri müalicə üçün Bakıya göndərildi

6 İyun 2018 17:57 (UTC+04:00)

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, iyunun 5-də axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində üç nəfər xəsarət alıb.

Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Qax şəhər sakini, 2004-cü il təvəllüdlü Güllər Səbuhi qızı Durmuşzadə zəlzələ zamanı evdə yıxılaraq ayağını sındırıb. 14 yaşlı qızın ayağına gips qoyulub və evə buraxılıb. Digər yaralılar isə rayonun Tasmalı kənd sakinləri olub. 1977-ci il təvəllüdlü Vüsalə Musa qızı Musayeva sol bazunun, həmkəndlisi 1958-ci il təvəllüdlü Rafiq Cuma oğlu Kazımov isə sağ bazunun sınığı diaqnozu ilə xəstəxanaya daxil olublar. 60 yaşlı Rafiq Kazımovun ayağında qəlpəli sınıq olduğundan müalicə üçün Bakıdakı xəstəxanalardan birinə göndərilib.

AzNews.az