Birgəyaşayış internet mediada və sosial şəbəkələrdə təbliğ olunur - Fotolar

7 İyun 2018 12:08 (UTC+04:00)

Görüşdə çıxış edən “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev bildirib ki, layihənin məqsədi müxtəlif mədəni qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində fəaliyyətdən ibarətdir: “Təəssüf ki, bu gün sosial şəbəkələr nəzarətsizdir. Bu da bəzi separatçı qruplara əlavə meydan deməkdir. Həmçinin Rusiya mediasında tez-tez Azərbaycanın multikultural siyasətinə kölgə salmaq və sabit etnomühitə zərbə vurmaqla məşğuldurlar. Digər tərəfdən, milli azlıqlara aid media orqanları ilə bağlı xüsusi araşdırmaya ehtiyac var, həmin media orqanları monitorinq olunmalıdır, çünki bu media orqanlarının oxucu auditoriyası spesfikdir - yəni birbaşa milli azlıqların nümayəndələridir. Bu sahə ilə məşğul olan jurnalistlərin ixtisaslaşmasına yardım göstərilməlidir. Mətbuatda bütün multikultural spektr əhatə olunmalıdır. Azərbaycan KİV-lərində azsaylı xalqları təmsil edən 10-larla jurnalist var və biganəlik onların pərdəarxası haqlı narazılığına səbəb ola bilər. Bəzən görürük ki, TV və radiolara, qəzetlərə yalnız bir-iki xalqın nümayəndələri çağırılır, digərləri nəzərə alınmır”.

Tədbirdə Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu çıxış edərək bildirib ki, Azərbaycandakı miltikultural mühit bütün dünyaya nümunədir və bu barədə beynəlxalq təşkilatlar dəfələrlə müsbət fikirlər səsləndiriblər: "Azərbaycandakı multikultural mühitə xələl gətirən hər hansı fikrə qarşı münasibət bildirməliyik. Əsasən də gənclər sosial şəbəkələrdə vətənimizdə yaşayan xalqlar barəsində aşağılayıcı ifadələr işlədənlərə, yaxud bu xalqların haqlarının pozulduğu ilə bağlı böhtan danışanlara, faktlarla cavab verməlidir. Bu cavablar miltikulturalizmə həsr olunan kitablarda əksini tapıb".

C.Musaoğlu onu da bildirib ki, Azərbaycanda heç vaxt milli, dini və etnik zəmində qarşıdurma olmayıb: "Ölkəmizdə yaşayan bütün xalqlar eyni ali hüquqa malikdirlər. Onlar öz mədəniyyətləri, məişətləri, ədəbiyyatları ilə birgə Azərbaycanın layiqli xalqları, bütün hüquqlara malik vətəndaşlarıdırlar. Bir nəfər belə hansısa azlığın nümayəndəsinə qarşı milli mənsubiyyətinə görə kobudluq edildiyini deyə bilməz. Bu mənada biz sülh içərisində firavan həyat tərz sürən Azərbaycan xalqına qarşı atılan hər hansı böhtana mütləq cavab verməli, dövlət, millət, xalq məsələlərində həssas olmalıyıq. Azərbaycanı istəməyən məkrli qüvvələr var, onlar etnik zəmində problemlər yaratmağa çalışa bilərlər. Xüsusən gənclər belə vəziyyətin yaranmasına imkan verməməlidir".

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, layihənin eksperti Seymur Verdizadə qeyd edib ki, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyaya əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan inkişaf edə bilməzlər: “Buna sübut Azərbaycanın inkişafıdır. Burada Azərbaycan milli mədəniyyətinə inteqrasiya olan müxtəlif xalqların mədəniyyətləri harmonik inkişaf edir”.

Ekspert bildiirb ki, ölkənin ictimai-siyasi həyatındakı demokratik dəyişikliklər Azərbaycanda yaşayan milli və dini qruplara olan marağın artmasına şərait yaratdı. İnsan hüquqlarının müdafiəsi, müxtəlif etnos və etnik qrupların saxlanılması, yalnız sosial-mədəni deyil, həmçinin, siyasi əhəmiyyət daşıyırdı. Dövlətin milli siyasəti, təkcə, ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabər hüquqlu inkişafına xidmət edir”.

Sonda tədbirin cümhuriyyətin 100 ilinə təsadüf etdiyini bildirən N.Niftiyev əlavə edib ki, indi olduğu kimi, 100 il əvvəl də Azərbaycan mediası bu coğrafiyada yaşayan xalqlara münasibətdə tolerant olub: “1918-1920-ci illərdə ölkə ərazisində 150-yə qədər mətbuat orqanı nəşr edilirdi. Bunların 60-dan çoxu Azərbaycan, 70-dən çoxu rus, təxminən, 14-15 mətbuat orqanı isə digər dillərdə çap olunurdu”.

Görüşdə “Azərfax” Xəbər Portalının rəhbəri Nicat Hüseyn Dağlar, “AzNews.az” xəbər saytının baş redaktoru Ceyhun Əsgərov jurnalistlər, milli azlıqları təşkil edən mədəniyyət mərkəzlərində təmsil olunan gənclər və tələbələr iştirak iştirak ediblər.