Cocuq Mərcanlıya daha 23 ailə köçürüldü

7 İyun 2018 16:15 (UTC+04:00)

Bunu Trend-ə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov deyib.

K.Həsənov bildirib ki, ikinci mərhələdə köç bir neçə gün öncə başlayıb və indiyə qədər 23 ailə kəndə köçürülüb.

O qeyd edib ki, köç üçün ailələr nəqliyyat vasitəsilə də təmin olunub:

"Köçmə prosesi davam edir və mərhələli şəkildə ailələr bütün evlərə köçürüləcək".

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli sərəncamına əsasən, Cocuq Mərcanlıda aparılan tikinti-bərpa işlərinin birinci mərhələsində yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. İkinci mərhələdə isə Cocuq Mərcanlıda 100 ev və digər sosial obyektlər tikilib.

AzNews.az