Nikah məsələsi müzakirəyə çıxarıla bilər

20 Mart 2013 15:24 (UTC+04:00)
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 176-1 maddəsinə dəyişikliklərin müzakirəyə çıxarılması gözlənilir.

Dəyişiklikliyə əsasən, nikah yaşına çatan qadını nikaha daxil olmağa məcbur edən şəxsi və yaxud şəxsləri 5 min manatdan 7 min manatadək cərimə və ya 6 ilədək azadlıqdan məhrum etmə gözləyə bilər. Eyni əməllər nikah yaşına çatmayan şəxsə qarşı törədildikdə isə 7 min manatdan 10 min manatadək cərimə və ya 8 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər. Layihənin bu il parlamentin müvafiq komitələrində müzakirəyə çıxarılması gözlənilir.

Qeyd edək ki, 2011-ci ilin payız sessiyasında parlament qadınların məcburi erkən nikaha vadar edilməsinin qarşısını almaq məqsədilə Cinayət Məcəlləsinin eyni maddəsinə dəyişikliyi qəbul edib. Həmin dəyişiklikdən sonra maddənin mövcud variantına görə nikah yaşına çatan qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək cərimə və 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə isə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza tətbiq olunur.

AzNews.az