Mərhum nazirin xatirəsi anıldı - Fotolar

8 İyun 2018 18:44 (UTC+04:00)

AzNews.az-a Nazirlikdən verilən məlumata görə, bu münasibətlə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azərişıq” ASC-nin sədri Baba Rzayev, “Azəristiliktəchizat “ASC-nin sədri Yaşar Həsənov və digər şəxslər II Fəxri xiyabanda mərhumun məzarı önünə əklil və güllər qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Anım tədbirində tanınmış ictimai-siyasi xadim, mərhum energetika naziri, “Şöhrət” ordenli, əməkdar mühəndis Natiq Əliyevin Azərbaycanın neft-qaz sənayesindəki fəaliyyəti, müstəqil Azərbaycanın enerji tarixindəki xidmətlərindən bəhs edilib. Bildirilib ki, müstəqillik illərində həyata keçirilən irimiqyaslı enerji layihələrinin hər birində Natiq Əliyevin mühüm rolu olub. 1994-cü ildə transmilli şirkətlərlə imzalanmış "Əsrin müqaviləsi" ilə başlanan yeni neft strategiyasının, ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində Natiq Əliyevin xidmətləri yüksək qiymətləndirilib. Onun "Cənub Qaz Dəhlizi" üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə töhfələri qeyd edilib.

Tədqiqatçı-alim və beynəlxalq enerji siyasəti sahəsində mütəxəssis kimi fəaliyyətinə dair fikirlər söylənilib. Bildirilib ki, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.