"Putin mənə Azərbaycanla əlaqələri möhkəmləndirməyi tapşırıb" - Rusiyanın yeni səfiri

10 İyun 2018 13:03 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu sözləri Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim etmək üçün keçirilən qəbulda bildirib.

Səfir Mixail Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib.

Mixail Boçarnikov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud olan bu münasibətlərin strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdiyini vurğuladı. Münasibətlərimizin zəngin tarixə malik olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Mixail Boçarnikov Rusiya Prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirdi. O qeyd etdi ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən Mixail Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.