Cəlilabadda 60-a yaxın qoyun oğurlanıb - Şəxslər saxlanıldı

10 İyun 2018 13:22 (UTC+04:00)

AzNews.az-a bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

İyunun 8-də Cəlilabad RPŞ-yə rayon ərazisində Lerik Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinə məxsus 56 baş qoyun və 3 baş keçinin oğurlanması ilə bağlı müraciət daxil olub.

Polis əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində ümumi dəyəri 11 min 500 manat olan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Onların Cəlilabad rayonun Uzuntəpə kənd sakinləri Ruhid Paşayev, Sarəddin Həsənov, Murad Abdullayev, Taleh Fərzəliyev olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin oğurluğu heyvanların qışlaqdan yaylağa aparılan zaman sürü Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisindən keçdiyi vaxt törətdikləri məlum olub. Oğurlanmış heyvanlar sahiblərinə təhvil verilib.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.