“Eurasianet.org” portalından XİN-ə iki rəsmi məktub daxil olub” - Hikmət Hacıyev

12 İyun 2018 16:08 (UTC+04:00)

Bunu “Eurasianet.org” portalının müxbiri Joşua Kuçeranın özünəməxsus sosial şəbəkələrdə işğal olunmuş ərazilərimizə səfər etdiyi barədə məlumatına münasibət bildirən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az-a bildirib.

H.Hacıyev bildirib: "Nyu-Yorkda yerləşən “Eurasianet.org” portalının Baş direktoru David Trillinqin imzası ilə Qafqaz regionu üzrə redaktor Coşua Küçeranın 2-9 iyun tarixlərində Dağlıq Qarabağa səfər etmək niyyəti barəsində 25 və 30 may tarixlərində XİN-nə iki rəsmi məktub daxil olub. Məktubda Azərbaycanın qanunlarına hörmət edildiyi və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığı qeyd olunub. Həmçinin məktubda bu səfərin heç bir halda Qarabağın hər hansı bir statusunun tanınması və ya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik mənası daşımadığı qeyd olunub.

“Eurasianet.org” portalının sözügedən məktubları Azərbaycan Respublikası ərazisində xarici KİV nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya müraciəti kimi qəbul olunub".