İyunun hadisəsi: Türkiyədəki seçkilər...

13 İyun 2018 10:17 (UTC+04:00)

Bu baxımdan əlbəttə, Türkiyədəki siyasi vəziyyət növbədənkənar seçkilər üçün əlverirşli olmasaydı və R.T.Ərdoğan özünün və partiyasının şanslarını yüksək dəyərləndirməsəydi, o halda seçkilərə getməzdi. Çünki növbədənkənar seçki təklifi başqa siyasi cinahdan deyil, məhz onun müttəfiqindən gəldi ki, bunu da hamı irəlicədən razılaşdırılmış qərar kimi qəbul etdi.

Amma bütün hallarda, bu ayda ən çox maraq doğuracaq hadisələrdən biri, heç şübhəsiz ki, Türkiyədəki növbəti seçkilər olacaq. Ən azı ona görə ki, demokratik seçki elə məsələdir ki, hətta gözlənilməz vəziyyətlərdə belə, sürprizlər yaşana bilir.

Xüsusən də prezident seçkisi daha çox diqqət çəkir. Çünki artıq Türkiyədə də prezident və parlament institutları üçün fərqli qəliblər və sərhədlər müəyyən edilib, ölkə parlament respublikasından prezident respublikasına transformasiya edibdir.

İlk baxışda hazırkı prezident R.T.Ərdoğanın digər namizədlərlə müqayisədə üstünlüyü o qədər qabarıq görünür ki, insanların bəzisi hətta diqqəti və bu yönümdəki mülahizələri prezident seçkisindən parlament seçkisinə doğru yönəltməyi təklif edirlər. Çünki onların nəzərincə ən əsas posta – prezidentliyə seçimin nəticəsi artıq həll olunubdur.

Fəqət, siyasi təhlilçilər belə düşünmür və hətta iddia edirlər ki, ikinci seçim bütün hallarda labüd olacaq və ən azı, M.İncə R.T.Ərdoğan üçün ciddi problem yaradacaqdır. Bu cür mülahizələr də əsassız deyil. Bir adamın elektoratı yorması və parlamentdəki üç əsas partiyadan birinin – MHP-nin R.T.Ərdoğana dəstək verməsi kimi ümumi və hamıya bəlli mülahizələr bir tərəfə, hazırkı prezidentin şanslarını azaldacaq və yaxud da artıracaq digər məqamlar da az deyildir. Təbii, bir yazıda bütün bunları bircə-bircə xırdalamaq o qədər də asan məsələ deyildir. Ona görə də diqqəti ən vacib detallara yönəltməyə cəhd edəcəyik.

Bu illər ərzində R.T. Ərdoğan nə edibdir? Doğrusu, bu suala konkret cavab vermək də asan deyil. Bəli, Türkiyə regionun ən əsas ölkələrindən birinə çevrilibdir. Amma hansısa bir ölkənin adının çox hallanması hələ onun qüdrətinə və tərəqqisinə dəlalət etmir.

Bu illər ərzində çox sular axdı, ancaq onlar nə qədər içməli oldu – bax, buna birmənalı cavab verməyə çətinlik çəkirik.

Suriya böhranı, ərəb–İsrail və ya Fələstin problemi ilə bağlı çabalar, məşhur Afrin əməlliyatı, Rusiya ilə sıx münasibətlərin qurulması, hətta Ərdoğana ciddi siyasi dividend gətirmək iqtidarında olan TANAP layihəsinin açılışı – bunlar sözsüz ki, ən azı xarici siyasət və çalışmalar baxımından diqqət çəkən olaylardır.

Amma adətən hər şey son nəticə ilə qiymətləndirilir. Bu prizmadan yanaşanda hətta Afrin əməliyyatı da ölkədə birmənalı dəyərləndirilmir; Suriya ilə sərhəd boyunca təhlükəsizlik zolağının təmin edilməsilə bağlı çabaların nə qədər efektiv olub-olmaması bir tərəfə, bu istiqamətdəki digər cəhdlər qətiyyən davamlı olmadı. Məsələn, dəfələrlə deyilsə də Türkiyə digər mühüm vilayətə - Mənbicə müdaxilə edə bilmədi. Yalnız yaxınlarda xarici işlər naziri M. Çavuşoğlu bildirdi ki, kürd yaraqlıları Mənbici tərk etməyə razılıq veriblər. Lakin indiki məqamda xəbərin hakim partiyanın “aktiv”lərini nə dərəcədə gücləndirəcəyilə bağlı söz demək də olduqca çətindir.

Üstəlik, Suriya problemilə bağlı formalaşan Rusiya-Türkiyə-İran alyansı əvvəl müəyyən ümidlər yaratsa da, hazırda ifrat optimist təhlilçilər belə, bu formatın yaxın vaxtlarda nəyəsə nail olacağını düşünmürlər. Bir tərəfdən üçlük daxilindəki ziddiyyətlər, digər yandan ABŞ-ın kiçik müdaxilə ilə üçlüyün tənzimlənməyə yönələn cəhdlərinə “stop” verməsi bütün prosesləri təkrar olaraq əvvəlki məcraya qaytardı. Suriya yenidən böyük dövlətlərçün poliqon funksiyasını yerinə yetirməyə başladı.

Sözsüz ki, Afrin olayları Ərdoğana müəyyən dividendlər qazandıra bilərdi və qazandırdı da. Amma bu qazancın təkcə MHP-nin dəstəyilə məhdudlaşacağını düşünürük. Bəli, bir tərəfdən Türkiyənin prezidentlik institutuna üz tutması (vaxtilə bunu israr edən əsas partiyalardan biri MHP, xüsusən də onun lideri mərhum A.Türkeş olmuşdu), digər bir tərəfdən isə Afrində keçirilən əməliyyatlar, üstəlik, son illərdə ölkədə yaranan, xüsusən də gənclik arasında populyar olan Gülənçi dini-siyasi şəbəkəyə qarşı millətçi-ülküçü qüvvələri qoymaq istəyi MHP ilə AKP-nin yollarını birləşdirdi. Ziddiyyətlər isə qalmaqdadır, hətta indiki seçki dönəmində belə, bunu arabir sezmək olur.

Bundan əlavə, Ərdoğan kürd əsilli seçicilərin səsini itirdi – onlar öncə səsini S.Dəmirtaşa, ikinci seçim turu olacağı təqdirdə isə Ərdoğanın rəqibinə verəcəklər.

Burada ABŞ-Türkiyə münasibətlərinə də toxunmaq lazım gəlir. Bu münasibətlər artıq müttəfiqlik çərçivələrinə sığmır. Prinsipcə, prosesin detalları hamıya bəllidir və o səbəbdən də onun üzərində çox da dayanıb sizi yormaq fikrimiz yoxdur. Sadəcə, qeyd edək ki, ABŞ Rusiya kimi qeyri ölkələrdəki seçkilərə elektron müdaxilələr etmir. Lakin bu və ya digər namizədə dəstək olmağın başqa yolları da var.

Xüsusən son vaxtlarda R.T.Ərdoğanın Rusiyadan S-400 kompleksləri almaq istəyi Vaşinqtonu xeyli qeyzləndiribdir. Əvvəlki dövrlərdən fərqli olaraq ABŞ Ankaraya hətta alternativ variantlar da təklif edir.

Amma prezident R.T. Ərdoğan bu sorğunun da cavabını verib. O, bir neçə dəfə ABŞ-a müraciətlə “Siz nə vaxt silah satdınız ki, biz almadıq?” kimi ismarışlar ünvanladı. Əlbəttə, Ərdoğandan ABŞ-ın narazılığı tək bu detalla məhdudlaşmır. Etiraf etmək lazım gəlir ki, AKP liderinin Qərb dünyası ilə yaşadığı problemlərin bir hissəsi də onların nəzərində Türkiyənin son illərdə xeyli avtoritarlaşmasının nəticəsi kimi də təzahür edir.

Təbii ki, Vaşinqton çox istərdi ki, bu seçkilər Türkiyənin hazırkı prezidenti üçün sonucu və həm də uğursuz olsun. Ancaq bunu yalnız türk elektoratı edə bilər.

Elektoratın diqqəti isə axır vaxtlar daha çox türk lirəsinin kursuna yönəlibdir ki, bu amil də R.T.Ərdoğan üçün əlavə bir problem sayılır. Düzdür, son günlərdə lirənin kursunda pozitiv dəyişiklilər də müşahidə edilməyə başlayıb. Amma əsas odur ki, bu tendensiya davamlı olsun, tədricən bütün iqtisadiyyatı əhatə etməyə başlasın.

O ki qaldı seçkilərin Azərbaycan üçün vacib məqamlarına, belə düşünürük ki, Azərbaycan-Türkiyə əlaqələri hər iki ölkədəki siyasi konyunkturadan asılı olmadam inkişaf edir. Heç sözsüz, Ərdoğanın özünün və hökumətinin Azərbaycana diqqəti böyükdür. Üstəlik, onun Qarabağ problemilə bağlı öz platformasına xüsusi müddəa salması da bu diqqətin bariz göstəricisi sayıla bilər. Lakin biz Türkiyədən daha ciddi və konkret dəstək umuruq, təkcə bəyanatlarla keçinmək olmur.

Fəqət Türkiyənin də imkanları hüdudsuz deyil, böyük siyasətin özünün də əngəlləri və maneələri var və onları aşmaq asan məsələ deyil.

Bütün hallarda ümidliyik. Hazırda Cənubi Qafqazda çox da müəyyən vəziyyət olmasa da, hər halda maraqlı situasiya yaranıb. Bu situasiyanın da öz çağırışları, çevik və ya vəziyyətə adekvat siyasət aparmaq tələbi olacaqdır ki, bunu Türkiyəsiz təsəvvür etmək mümkün deyil...

Hüseynbala Səlimov
AzNews.az