PKK-dan sonra növbə Ermənistanındır

21 Mart 2013 23:02 (UTC+04:00)

Elxan Şahinoğlu

Türkiyə hökuməti PKK probleminin birdəfəlik həlli üçün qollarını çırmalayıb. 30 ildir davam edən PKK terroru 30 min insanın ölümünə, xaosa, yüz milyardlarla dollar pulun xərclənməsinə səbəb olub. PKK terroru Türkiyəni daxildən zəiflədən başlıca amil olduğundan Ankara bu xəstəlikdən qurtulmağa qərar verib.

Hər şey ondan başladı ki, İmralı adasında dustaq həyatı yaşayan PKK lideri Abdulla Öcalan hökümətə problemi həll edə biləcəyi təklifini irəli sürdü. Türkiyə hökuməti bir ara baş terrorçu ilə arasında məsafə saxladı. Ancaq görəndən sonra ki, Abdulla Öcalanın 13 ilə yaxındır həbsdə yatmasına rəğmən, dağlarda gizlənən tərəfdarları üzərində nəzarəti və sözü keçərliyi var, Ankara ba amildən istifadə etməyə qərar verdi. Əvvəlcə adaya PKK-nın siyasi qanadı olan və Türkiyə parlamentində fəaliyyət göstərən Barış və Demokrasi Partiyasının üzvləri göndərildi. Öcalan bu millət vəkilləri vasitəsilə dağlardakı terror qruplaşmasına və Avropadakı tərəfdarlarına məktublar göndərdi. Bu günlərdə cavab məktubları Öcalana çatdırıldı və məlum oldu ki, terrorçular və onların törəmə təşkilatları PKK liderinin istənilən əmrini yerinə yetirmək əzmindədirlər. Bundan sonra Öcalan da Novruz bayramı üçün bir mesaj yayınlanacağını açıqladı. Gələn xəbərlərə görə, Öcalan tərəfdarlarına silahlı mübarizəyə son qoymağa və Türkiyədən çəkilməyə əmr edəcək. Əlbəttə, bunun qarşlığında Öcalanın və PKK-nın Ankaradan tələbləri və istəkləri nə olacaq, bu məsələ hələ açır qalır.
PKK terrorrunun bütövlüklə Türkiyə gündəmindən silinəcəyini söyləmək çətindir. Ancaq əgər tərksilah məsələsi qüvvəyə minərsə, Türkiyə tədricən bu bəladan qurtulmaq yoluna qədəm qoyacaq. Fikrimcə, Ankara PKK məsələsini arxa plana keçirdikdən sonra növbəti hədəfinə doğru irəriləməyə çalışacaq. Söhbət Ermənistanın ram edilməsindən gedir.

Türkiyə bir neçə il öncə Ermənistanla İsveçrədə məlum protokolları imzaladıqda Azərbaycan bunun əleyhinə çıxdı. Daha sonra da Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Bakıya gələrək Dağlıq Qarabağ ətrafındakı torpaqlar boşaldılmadan protokolların işə düşməyəcəyini vəd etdi. Ankara bugünə qədər vədinə sadiqdir. Ancaq Ankara həm də Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından narahatdır. Ona görə də təşəbbüsü ələ almağa qərar verib. Bir müddət öncə belə bir xəbər yayıldı ki, Ankara Ermənistanla bağlı "yol xəritəsi" hazırlayıb. Həmin "yol xəritəsinə" görə, əgər Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu boşaldarsa regional layihələrə qoşula bilər. Planda Ermənistana təklif olunan layihələrin konkret adları da çəkilib.
Bu çox cəzbedici təklifdir. Bir növü Ankara Ermənistanı Qarabağdan əl çəkmək məqsədilə şirnikləndirməyə çalışır. Hələ ki, İrəvan Ankaranın bu təklifinə münasibət bildirməyib. Elə rəsmi Bakı da Ankaranın bu təklfinə ciddi maraq göstərməyib. Halbuki, Ankaranın irəli sürdüyü təklif birbaşa Azərbaycanın xeyrinədir. Onsuz da "Madrid planı"na görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldan kimi Türkiyə kimi Azərbaycan da qonşu dövlətlə münasibətləri nizamlamağı, sərhədi və kommunikasiya xətlərini açmağı boyun olub. Odur ki, bu məsələdə, yəni "yol xəritəsi"inin işlək hala gətirilməsində Ankara ilə Bakının ortaq hərəkət etməsi vacibdir.

Bu arada, İrəvan-Van təyyarə reysinin açılacağı xəbəri də gəldi. Azərbaycanda bəziləri bunu Ankaranın satqınlığı kimi qiymətləndirərək, bu addımın nə az, nə çox Türkiyə-Ermənistan sərhədinin açılması mənası daşıyacağını iddia etdilər. Əsla. Ankara vədinə sadiqdir. Sadəcə, Ankara Bakıdan hərəkət də gözləyir. Yəni Türkiyə sonsuzadək Ermənistan məsələsində Bakıdan asılı vəziyyətdə qalmaq istəmir. Erməni lobbisi "soyqırımın" yüzilliyinə ciddi hazırlaşır və bütün dünyada Türkiyəyə növbəti çətinliklər yaratmağa çalışır. Ankara da erməni lobbisi ilə İrəvanın bu çalışmalarını qabaqlamaq üçün bu qüvvələri məcazi mənada tərksilah etməyə həvəslidir. İrəvan-Van təyyarə reysinin açılması bu siyasətin tərkib hissəsi sayıla bilər. Çox təəssüf ki, bu reysin açılmasını əllərində bayraq edərək Türkiyəyə qarşı hücumlar başlayıb. Bu hücumlara rəvac verənlər unudurlar ki, Azərbaycanın ətrafında ağır geosiyasi durum formalaşıb və belə bir məqamda strateji müttəfiqimiz olan tək dövlətlə münasibətlərin korlanması bizim xeyrimizə deyil.