İdmançılarımız Dünya kubokunun finalında - Fotolar

16 İyun 2018 21:04 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə, Azərbaycan dövlətçiliyini xilas etməsinin 25-ci ildönümünə həsr olunan turnirdə öncə Almaniyanın “Rhein Polo Club Düsseldorf” (“Altun 97”) və Hindistanın “İndian Polo & Riding Club New Delhi” (“Bot”) klubları güclərini yoxlayıblar. İrlandlara 8:5 hesabı ilə qalib gələn “Altun 97” bu dəfə də güclü olduğunu ortaya qoyub. Almanlar 1 gün öncə Azərbaycanın "PaşaBank" klubuna 6,5:7 hesabı ilə uduzan "Bot"u 9:3 hesabı ilə məğlub ediblər. Bu qələbə "Altun 97"ni finala yüksəldib.

Onların həlledici matçda rəqibi Azərbaycanın “Elite Horse & Polo Club” (“PaşaBank”) və “Polo Club Wicklow” (“Palladium”, İrlandiya) klubları arasında baş tutan görüşdə bəlli olub. Matç təmsilçimizin üstünlüyü ilə başlayıb. İlk hissədə rəqib qapısına 2 dəfə yol tapan poloçularımız ikinci yarıda daha gözəl oyun nümayiş etdiriblər və fərqi 6 topa çatdırıblar.

Növbəti 12 dəqiqədə məğlubiyyətlə barışmaq istəməyən “Palladium” irəli atılıb və üçüncü hissədə hesabı 1:6 edib. Son yarı da rəqibin üstünlüyü ilə keçib. Onlar daha 2 dəfə fərqlənsələr də, qalıb tərəf “Paşabank" olub - 6:3.

Festivala və VI dəfə keçirilən Dünya Kubokuna isə sabah yekun vurulacaq. Öncə "Bot"la “Palladium” 3-cü yerin sahibi müəyyənləşdirəcək. Ardınca isə final görüşündə "Altun 97" ilə "PaşaBank" üz-üzə gələcək.

Qeyd edək ki, iyunun 2-dən başlayan və 4 müxtəlif növ üzrə keçirilən Milli Atçılıq Festivalında bunadək cıdır, çövkən və konkur növləri üzrə yarışlar da təşkil olunub.(apasport.az)

AzNews.az