İlk tanışlıq baş tutdu, davamı necə olacaq?

18 İyun 2018 10:00 (UTC+04:00)

“İdman da siyasətdir” deyiblər, ona görə də böyük idman tədbirləri ərəfəsində insanlar həmişə müəyyən siyasi kontaktların yarancağını da heç vaxt istəmirlər.

Xüsusən də bir-iki həftə bundan əvvəl Ermənistanın yeni xarici işlər naziri Z.Mnatsakanyanın “Azərbaycan və Ermənistan liderlərinin görüşü yaxın ayların yox, həftələrin məsələsidi və hazırda predmeti öyrənməklə məşğuluq” deməsi ehtimal və gümanları bir azacıq da gücləndirmişdi.

Amma məlum oldu ki, ilk görüş, necə deyər, ayaqüstü görüş olub. Xüsusən də N.Paşinyan Azərbaycan prezidentilə heç bir “məzmunlu və predmetli söhbət aparmadığını” elə israr edirdi ki, sanki buna görə kimsə onu mühakimə edəcək və yaxud da erməni inkvizisiyasının sərəncamına verəcəkdi...

Bu səbəbdən də açıq etiraf etmək lazım gəlir ki, vaxt keçdikcə adam, necə deyər, Paşinyanı daha çox tanımağa başlayır və düşünürsən ki, bu adamla bağlı hər hansı plan qurmağa dəyməz; ya erməni auditoriyası da Azərbaycana qarşı kəskin bəyanatlara və siyasətə köklənib, ya da yeni baş nazir özü erməniliyindən irəli gələn xəstəliyilə vidalaşmaq istəmir...

Doğrusu, əvvəllər belə ehtimallar səslənirdi ki, guya “məxməri inqilab”ın kölgədəki liderlərindən biri də eks-prezident L. Ter-Petrosyan cənablarıdır. Üstəlik, bu hadisələrə qədər də Paşinyanın Petrosyanla siyasi əməkdaşlığı olmuşdu və biz də düşünürdük ki, hər halda, birinci erməni prezidenti ilk böyük səlahiyyətli erməni baş nazirinin qulağına Dağlıq Qarabağla bağlı da nəsə “pıçıldayar” və onu daha real, praqmatik siyasət yürütməyə çağırar.

Amma bunun əlamətlərini görmürük. Əvəzində Paşinyan Qarabağa səfərlər edir, bizi Dağlıq Qarabağdakı qondarma rejimi münaqişə tərəfi kimi tanımağa çağırır, faşist qiyafəsində şəkil çəkdirən və hətta seksual oriyentasiyası belə Ermənistanın özündə mübahisələr yaradan adamları vəzifələrə təyin edir, ən başlıcası da, bu adamın siyasi planlarından qəti baş açmaq olmur.

Bir tərəfdən real hakimiyyət keçmiş hakim partiyanın əlindəykən seçki keçirməyin mənasız olduğuna işarə edir, digər tərəfdən isə parlamentin müzakirəsinə “yeni seçki kodeksi” çıxarmaq, onun qəbul edilməsindən sonra (guya bu, iyulun 15-dək olacaq!) istefa vermək və təxminən sentyabr ayına planlaşdırılan parlament seçkilərinə qatılmaq niyyətində olduğunu deyir.

Halbuki cəmi bir-iki həftə bundan əvvəl guya ki, parlamentin müzakirəsinə proqram təqdim etmişdi. Biz də elə o vaxtlar yazırdıq ki, proqramı parlament çoxluğunun həqiqi dəstəyini alan kabinet təqdim edə bilər, bu isə yalnız növbəti seçkilərdən sonra mümkün ola bilər.

Qərəz, belə təsəvvür yaranır ki, bu adam nə etdiyini bilmir, bunun hökumət və dövlət idarəçilyindən sanki xəbəri də yoxdur. Ona görə də əslində onun Dağlıq Qarabağla bağlı sayıqlamalarına da əhəmiyyət və ya diqqət vermək lazım deyil – bu, küçədən gəlmiş bir adamdır, heç məlum da deyil ki, hakimiyyətdə nə qədər qalacaq və cəmiyyətdən həqiqi siyasi mandat ala biləcəkmi?

O ki qaldı Azərbaycanın bunlara münasibətinə, bizim diplomat və siyasətçilərimiz konkret məsələlərlə bağlı mütəmadi açıqlamalarla çıxış edirlər. Rusiyalı politoloqlar iddia edirlər ki, guya N.Paşinyan öz “təklif”ilə - Dağlıq Qarabağ ermənilərini tərəf kimi tanımaq çağırışı ilə Bakını çətin vəziyyətə salıb, guya rəsmi Bakı üçün bu, gözlənilməz bir“təklif”dir və guya ki, Azərbaycan buna hazır deyildi...

Əslindəsə bütün bunlar cəfəngiyyatdır. Birincisi, Dağlıq Qarabağ ermənilərini tərəf kimi tanıtmaq ermənilərin lap çoxdankı arzusudur və köhnə mahnılarıdır. Əvvəllər də bunu deyirdilər və bundan heç nə hasil olmadı, bu dəfə də olmayacaq.

İkincisi, Azərbaycan Paşinyanın xəstə və ya qızdırmalı bəyanatlarına artıq cavab verib – yeni silahlarını nümayiş etdirməklə və Naxçıvanın işğal olunmuş 11 min hektar ərazisini qaytarmaqla! Ona görə də Bakının hansısa “siyasi tapmaca” qarşısında aciz qaldığını düşünmək lazım deyil, əsl tapmaca qarşısında qalan yenəermənilərdir ki, artıq özləri yağışdan çıxıb yağmura düşdüklərini deyirlər. Olsun. Bu da problem deyil, yəqin, cənab Sorosun daha bir inqilaba pulu çatar...

Hüseynbala Səlimov