“Atam öldükdən sonra başsız qaldım, avaralara qoşuldum”

22 Mart 2013 17:04 (UTC+04:00)



Mahir skripka ifaçısı Ramin Həsənov AzNews.az-ın suallarını cavablandırıb.

- Ramin, musiqi alətlərimizin siyahısı böyükdür. Necə oldu ki, siz məhz skripkanı seçdiniz?

- Mən musiqiçi ailəsində böyümüşəm. Rəhmətlik atam xalq artisti Zeynəb Xanlarovanın ansamblında ikinci tar ifaçısı olub. Anam da müxtəlif musiqi alətlərini ifa etməyi bacarırdı. Gözümü açıb evdə musiqi səsi eşitdim. Bir də baxdım ki, skripka əlimdədir. Maya Sarabskaya bu sənətdə mənim ilk müəllimim olub. Bir çox müsabiqələrdə iştirak etdim. Beləcə yavaş-yavaş sənətin dərinliyinə vardım.

- İnsanlar sizin musiqiyə qulaq asıb dincəlir, siz kimə qulaq asıb zövq alırsınız?

- Mən sakit musiqiləri sevirəm. Hakim Abdullayevin klarnetinin səsini eşitdikdə, Brilliant xanımın, Ənvər Sadıxovun ifasıyla və ümumiyyətlə, gözəl musiqi dinlədikdə dincəlirəm.

- Bəs, ümumiyyətlə özünüzü harada rahat hiss edirsiniz?

- Mən özümü ancaq Allahın evi məsciddə rahat hiss edirəm. Dindar qardaşlarımızın çalışdığı studiyalarda işlədikdə, hüzur, sakitlik olan yerlərdə rahat oluram.

- Ramində özünü tənqid necədir?

- Ramində özünü tənqid ən pik nöqtədə olur. Bu da nəticədə ən sərt tənqidə çevrilir.

- Sevincini kiminlə bölüşürsən?

- Ən birinci anamla, yaxın bildiyim dostlar və ürəyimdə yer alan qadınla.

- Sizcə, sənətkar hansı xüsusi keyfiyyətlərə malik olmalıdır?

- Ağıllı olmalıdır, ona görə ki, musiqi birinci ağıldan gəlir. Ümumiyyətlə, yaxşı insan olmalıdır. Yaxşı insan elə hər şey deməkdir.

- Bu yaş dövründə özünə hesabat verərkən hansı illərinizi itirilmiş hesab edirsiniz?

- İbadət etmədiyim vaxtları.

- Sizi yaxından tanıyanlar deyir ki, Ramin bir çox illərini itirib. Narkotik istifadə etdiyiniz illəri nəzərdə tuturlar. Bu necə oldu? Hətta çox sevdiyiniz sənətinizi və bəzi dostlarınızı da az qala qurban verdiniz...

- Bu iradlarda həqiqət var. Bilirsiniz, bu tale işidir. Mən sənətimlə əlaqədar olaraq, elə mühitlərə düşdüm ki, burda "büdrəmək" gözlənilən idi. Üstəlik, bir az da həyatdan küsdüyüm dönəmlər idi. 17 yaşım olanda atamı itirdim. Nə yaşım vardı ki? Gözümü təzəcə açmışdım ki, arxam, dayağım bizi başsız qoydu. Baxdım ki, nə arxam var, nə də söykənəcək bir kəsim. Atam öldükdən sonra başsız qaldım, avaralara qoşuldum. Evə gəlmək istəmirdim, bütün günü o dostun yanında, bu dostun ətrafında. Ana da ardınca gəzmir, nə etdiyini belə bilmir. Başladım asta-asta cızığımdan çıxmağa. Yəni, gecə həyatı... Nə biləydim ki, ömrümə belə amansız günlər yazılıb, hələ qarşıda çox sınaqlardan keçəcəyəm. O qapı sənin, bu restoran mənim. O zəhrimardan istifadə etməyə başlayandan dəfələrlə olub ki, tərgitmişəm. Amma müəyyən vaxtdan sonra yenə də qayıtmışam. Atam rəhmətə gedəndən sonra ev, ailə qayğıları artdı. Dolanmaq lazım idi. Çıxış yolu toylara qalırdı. O toy sənin, bu toy mənim. Yaxşı da pul qazanırdım. Elə bu zəhrimarı da o toyların nəticəsində tapdım.

- Həyatında elə bir görüş olubmu yaddaşında dərin iz buraxsın və onu daim xatırlayırsız?

- Olub təbii ki, belə görüşlər olub. Bu görüşlərdən biri Rusiyada çalışan iş adamı İlqar Məmmədovla, digəri isə "AST Telman"la bağlı olan görüşlərdir. Bu görüşlər heç bir zaman yaddaşımdan silinməz. Bu görüşlər mənim həyatımda dərin izlər buraxıb. Onu da qeyd edim ki, İlqar müəllim mənə skripka hədiyyə etmişdi və bu günə kimi o alətlə ifa edirəm.

- Telman İsmayılovla görüşünüz necə baş tutdu, niyə görüşmüşdünüz?

- Mənim barəmdə ona bir az danışmışdılar. Telman ətrafında olanlara deyib ki, "Azərbaycanda məşhur, talantlı musiqiçiləri bir araya toplayın. Bir ansambl yaradaq - "AST" ansamblı. Bir az sonra bu ansamblı yaratdılar.

- "AST" ansambılında kimlər vardı?

- O ansamblda kimlər yox idi ki? Ənvər Sadıqov, Hakim Abdullayev, Ələkbər, Fuad, Taleh, müğənnilərdən isə Abbas Bağırov, hərdən Elton gəlirdi. Bir gün Telman onlara skripkaçalan axtardığını deyib. Bunlar da ondan soruşub ki, kimi məsləhət görürsən? Ənvər də mənim adımı verib. Uşaqlar məni çağırıb, dedilər ki, sənin bəxtin gətirib, belə bir adamla işləyəcəksən. Onlar qərar verdi ki, məni Telmanla görüşdürsünlər. AST Telman məclis qurdu, məni də çağırdılar. Getdim.

- Moskvada?

- Yox, Bakıda. Telman müəllimin Şüvəlanda bağı var. Uşaqlar məni həmin bağa apardılar. Telman məni haradasa bir məclisdə görübmüş, sənətimdən az da olsa xəbərdar idi. Görən kimi dedi ki, "mən bu uşağı tanıyıram ki..." Orda mənə bir təklif elədi. Dedi ki, auksiondan bir skripka almışam. Çox bahalı bir musiqi alətidir. Əgər sən bu zərərli vərdişdən əl çəksən, o bahalı skripka sənin olacaq". Fikirləşdim ki, Allahın işidir də. Hətta həmin günü evə gedib namaz da qıldım. Başa düşdüm ki, Allahdan gələn bir şeydir. Kimdir mənə qapı açan? Həmin görüşdə Telman hətta cibimə pul da qoydu.

- Məbləği nə qədər idi?

- Deməyəcəyəm, amma normal bir rəqəm idi. Həmin vaxt ev almışdıq, təmiri yox idi. O pula evi təmir etdirdik.Telmanın bu dəstəyindən sonra başladım işləməyə, toylar-zad, tədbirlər. Hər görüşdə Telman 5-10 min verir, daha pula-pul demirəm. Sonra başladım yenə əvvəlki vərdişimə. Yenə qoşuldum avaralara. Ansamblın üzvləri bir iki dəfə baxdılar ki, özümdə deyiləm. Daha toylara aparmadılar.

- Auksiondan alınan skripka necə oldu?

- Vermədi. Verdiyim sözdə dayanmadım axı. Yəqin ki, Telman mənimlə maraqlanıb.

- Pul sənin üçün nədir?

- Əli Əleyhissəlam pulu bir gün əlində tutub deyib ki, onu ta ki, yaxşı yerə xərcləməyənə qədər heç bir dəyəri, qiyməti yoxdur. Ancaq yaxşı yerə xərcləyəndə onun qiyməti olur. Pul həll olunmayan problemlərim üçün bir vasitədir.

- Gələcək planlarınız?

- Albom üzərində çalışıram və bu il ərzində onu dinləyicilərə təqdim etməyi düşünürəm. Türkiyənin məşhur ifaçısıyla duet hazırlayırıq. Yaxın aylarda Türkiyəyə konsert səfərim gözlənilir. Ən önəmlisi isə solo konsert etməyi düşünürük.

- İstərdim bir az da ümumilikdə Azərbaycan musiqisi barədə danışaq. Deyirlər, sənətə dəxli olmayan adamlar daha məşhur olub. Bu baxımdan musiqimizin gələcəyini necə görürsünüz?

- Azərbaycan musiqisini çox gözəl görürəm gələcəkdə, nəyə görə? Ona görə ki, onun professional ifaçıları var. O ifaçılara görə də Azərbaycan musiqisi daim yüksək yerlərdə olacaq. Söz əsl musiqiçilərdən gedir.


Mahir Hüseynbəyli
AzNews.az