Məhəmməd Salaha Çeçenistanın fəxri vətəndaşlığı verildi

23 İyun 2018 14:44 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bu barədə sosial şəbəkədəki səhifəsində yazıb: “Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşıdır. Bu, məhz belədir. Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım. Misir yığmasının şərəfinə verdiyim təntənəli şam yeməyində Məhəmməd Salaha fərmanın surətini və döş nişanını təqdim etdim. Bu, layiqli addır”.

Kadırovun sözlərinə görə, minlərlə uşaq, yeniyetmə və yaşlı insan dünyanın ən yaxşı futbolçularından birini görmək, onunla ünsiyyətdə olmaq imkanı qazanıb. O, Çeçenistanın “Axmat” klubunun Misir yığması ilə Qroznıda nə vaxtsa yoldaşlıq görüşü keçirəcəyinə əminliyini bildirib.

Misir yığması dünya çempionatındakı ilk iki oyunda Uruqvaya 0:1, Rusiyaya isə 1:3 hesabı ilə uduzaraq, mundialda “play-off” mərhələsinə çıxmaq şansın itirib. Misir millisinin “Rusiya 2018”də yeganə qolunu Məhəmməd Salah ev sahibləri ilə görüşdə 11 metrlik cərimə zərbəsindən vurub.

AzNews.az