Ermənistan: şirin yalanla acı reallığın uçurumunda - Düşmən etirafı

25 İyun 2018 17:26 (UTC+04:00)

Bizim də bunu daha səhih anlamamız üçün elə ermənilərin öz yazdıqlarına diqqət etməkdə fayda var. Məsələn, bu günlərdə “Azatutyun” radiosunun (Azadlıq radiosu) saytında yayımlanan bir məqalədə 2016-cı ilin aprel döyüşlərində öldürülən erməni əsgərinin ata fəryadı yer alır. O, ölümündən əvvəl oğlunun üç gün yemək yemədiyini bəyan edir:

“2016-cı ilin aprel müharibəsi zamanı Qarabağda öldürülən çavuş Robert A.Abrahamyanın cəsədinin məhkəmə ekspertizası nəticəsində, onun ölümündən əvvəl üç gün heç bir şey yemədiyi aydın oldu".

Ölən əsgərin atası bildirib ki, Milli Təhlükəsizlik Xidməti son günlərdə general Manvel Qriqoryanın nəzarətindəki əsgərlər üçün çox sayda ərzaq məhsulları aşkar edib:

"O, ayılarını bəsləyirdi, uşaqlarımız isə ac idi. Uşağımın üç gün ərzində ac qalması mənim üçün çox acınacaqlıdır. Üç gündür heç bir şey yemədiyinə dair sənədləri gətirə bilərəm. Bu ağrıya qarşı çıxacağam, sağ qalacağam, amma uşaqlarımız yoxdur".

Məqalədə qeyd edilir ki, aprel müharibəsi zamanı vəfat edən kapitan Hovsep Kirakosyanın ailəsi Eçmiədzinin yaxınlığında Apaqa kəndində yaşayır. Ölən əsgərin anası Marqarita ağrılı şəkildə deyir ki, onlardan bir neçə kilometr məsafədə general Manvel Qriqoryanın heyvanlarına daha yaxşı baxırdılar.

Dünən isə Ermənistanın “www.1in.am” internet portalında keçmiş hərbiçi Manvel Yeghiazaryanın aprel döyüşləri barədə müsahibəsi yayımlanıb. “Aprel müharibəsi dövründə ən yaxşı şeylərin, yemək, nəhayət, silah və döyüş sursatlarının göndərilməsi ilə əlaqədar Manvel Qriqoryanla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarının açıqlmasından təəccübləndinizmi?” – sualına veteran hərbçi belə cavab verir:

"- Təəccüblənmək? Siz hələ də belə şeylərin şahidi olacaqsınız ki, bütün bunlar dənizdə bir damla kimi görünəcəkdir. Biz davamlı olaraq soyulduğumuzu, talan edildiyimizi dedikdə bizim dəli olduğumuzu düşünürsünüz! İllərdir bu barədə danışdıq. Ona görə də təəccüblü bir şey yoxdur. Bu qədər təhqir edilmək lazım deyildi.
…Milyardları oğurladılar, dramlarla deyil, dollarlarla. Təsəvvür edin ki, bu cür keyfiyyətsiz insanlar illər boyunca bizi dünyanın hər yerində təmsil edirlər. Buna görə belə bir vəziyyətə çatdıq. İnsanlar artıq yaxşı və ya pisdən nümunə götürməyi bilirlər. Pis insanlar bu gün yaxşı yaşayırlar"…”.

Ermənistanın "Epress.az" saytı isə başqa bir maraqlı faktın üstünü açıb. Məlum olub ki, dördgünlük aprel döyüşləri zamanı erməni ordusunun əsgəri aylıq olaraq yemək üçün ailəsindən 5000 dram (10,4 dollar) tələb edib. Bu barədə “Epress.am” portalına adının gizli qalmasını xahiş edən bir qadın danışıb. O, həmçinin təhlükəsizlik məqsədilə əsgərin adını verməkdən imtina edib.

Xanım bildirir ki, artıq sərbəst buraxılan həmin əsgərin ali təhsili var, buna görə də Hakemjeriana (Ermənistan) götürülmüşdür. 6 aylıqda Hadrutun hərbi hissələrindən birinə göndərilmişdir. Transferdən təxminən 10 gün sonra aprel müharibəsi başladı:

“O, müharibədə olduğunu bizə demədi. Müharibə dövründə onun hərbi hissədə olduğunu düşünürdük. Əvvəlcə ona hərbi bağlama göndərirdik, sonra bizdən 5000 dram pul istədi”.

Əsgər isə həmin vaxt 15 nəfərin yemək üçün pul yığmaq qərarına gəldiyini deyib:

“ Mən xatırlayıram ki, kapitanın bank hesabı belə verilmişdi, onda 3 ay müddətinə bir qadının hesabına köçürmələr aparmışdılar…".

www.yerkramas.org saytı isə son günlərdə Naxçıvan Muxtar Respublikası istiqamətində Azərbaycan Ordusunun həmləsindən Ermənistanın keçirdiyi narahatlıq barədə yazıb. Məqalədə bildirilir ki, cəmiyyətin hamısı post-inqilabçı eyforiya vəziyyətində deyildir. 2016-cı ilin aprel müharibəsinin acınacaqlı təcrübəsini nəzərə alaraq, bir çox vətəndaşlar may ayının ikinci yarısında Naxçıvan Muxtariyyəti ilə Ermənistan Respublikası sərhədində baş verən hadisələrdən narahatdırlar.

Məqalədə Azərbaycanın Naxçıvan istiqamətinə daha çox diqqət verdiyi, 20 min qoşunun burada yerləşdirildiyi, bir neçə yüz zirehli nəqliyyat vasitəsinin səfərbər edildiyi, havadan müdafiə sistemlərinin və təyyarə əleyhinə raketlərinin olması, uzun mənzilli artilleriya qurğularının 90 km və ya daha çox məsafədə hədəfləri vurma qabiliyyətinə malik olması barədə narahatlıq ifadə olunur. Eyni zamanda, bu istiqamətdə müntəzəm olaraq Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsinə də diqqət çəkilir.

Qeyd edilir ki, reallıqda Azərbaycan bir müddət gözləyir, amma əlverişli andan istifadə edərək bizə böyük itkilər yaşatdı. Ən optimist təxminlərə görə, demək olar ki, biz təxminən 1200 hektar ərazidə nəzarəti itirdik. Bu, 2016-cı ilin aprel ayında itirilmiş nəzarətdən 3 dəfə çoxdur. Görünür, yeni Ermənistan hakimiyyəti də sərhəddə baş verənlərə diqqət ayırmır…

Bu arada, Ermənistanda yeni baş nazir N.Paşinyanın daha bir rəqibinə - prezident Armen Sarkisyana qarşı təbliğat aparılır. "Polonez" raketlərinin Azərbaycana satılması Ermənistanda daxili siyasi çəkişmələr üçün bəhanə kimi istifadə olunur…

Elgün Mənsimov
AzNews.az