Ölkəmiz Ümumdünya Qaz Konfransında təmsil olunub - Yenilənib

26 İyun 2018 23:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Nazirlikdəm məlumat verilib.

Nazir çıxışında aşağı karbonlu enerji növü kimi təbii qaza tələbatın artması və onun strateji-iqtisadi əhəmiyyətinin güclənməsi ilə əlaqədar olaraq qaz istehsal və ixrac edən ölkələrlə, istehlakçı, tranzit ölkələr arasında münasibətlərdə enerji təhlükəsizliyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Enerji təhlükəsizliyinin mənbə və marşrutlarla yanaşı, qaz nəqli üsullarının da şaxələnməsini əhatə etdiyini vurğulayan nazir deyib ki, Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və diversifikasiyasının bütün elementlərini özündə birləşdirən layihədir.

Pərviz Şahbazov Cənub Qaz Dəhlizinin Azərbaycan üçün əhəmiyyətini bu layihənin ilk növbədə zəngin qaz ehtiyatlarının mövcud bazarlardan əlavə Avropa bazarına çıxışını təmin etməsi ilə əlaqələndirib: “XXI əsrdə qaz istehsalçısı və ixracatçısına çevrilməyi enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən ölkə kimi Azərbaycan 3500 km-lik boru kəmərləri sistemini və Şahdəniz yatağının ikinci mərhələdə işlənməsi üçün geniş infrastruktur şəbəkəsini yaratmalı oldu. Cənub Qaz Dəhlizi ölkəmizə təkcə tədarükçü kimi deyil, həm də gələcəkdə tranzit ölkə olaraq da dividendlər qazandıracaq bir layihədir”.

Çıxışda həmçinin qeyd olunub ki, Cənub Qaz Dəhlizi və onun komponentləri şaxələndirilmiş ümumavropa enerji bazarının yaradılması kimi uzunmüddətli strateji məqsədə cavab verən ilk real layihədir. Cənub Qaz dəhlizi və onun bir hissəsi olan TAP layihəsi Avropanın, Balkanların enerji təchizatına, eləcə də qitənin dekarbonizasiyasına töhfə verəcəkdir. TAP həmçinin gələcəkdə dəhlizin ötürücülük gücünün iki dəfəyədək artırılması hesabına Mərkəzi və Qərbi Avropaya qədər genişləndirilmiş və şaxələndirilmiş enerji təhlükəsizliyi sisteminin formalaşmasında əhəmiyyətli rola malik olacaq.

Cənub Qaz Dəhlizini əməkdaşlıq, tərəfdaşlıq, davamlı inkişaf layihəsi kimi dəyərləndirən energetika naziri layihənin icrası prosesinə dəstəyinə görə tərəfdaş ölkələrə, o cümlədən Amerika Birləşmiş Ştatları hökumətinə təşəkkürünü çatdırıb.

Tədbirdə ABŞ-ın Qərbi Virciniya ştatından olan senator Şelli Mur Kapito regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən infrastruktur layihələrini ölkəmizin strateji əhəmiyyətini artıran, qlobal enerji bazarındakı və dünya iqtisadiyyatındakı mövqelərini möhkəmləndirən, Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirən mühüm tədbirlər kimi qiymətləndirib. Xanım senator qlobal enerji təhlükəsizliyi sistemində Azərbaycanın ildən-ilə möhkəmlənən mövqeyinə şahid olduğunu bildirib və ABŞ-ın siyasi dəstəyini ifadə edib.

İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits də çıxışında “Cənub Qaz Dəhlizi”nin perspektivlərinə toxunaraq bildirib ki, bu layihə İsrailin planlaşdırdığı Şərqi-Aralıq dənizi qaz kəməri layihəsi ilə birgə gələcəkdə Avropanın enerji arxitekturasının transformasiyasına xidmət edəcək.

Xatırladaq ki, üç ildən bir keçirilən Ümumdünya Qaz Konfransı təbii qaz sənayesinin siyasi, texniki və iqtisadi məsələlərinin müzakirə edilməsi üçün mühüm və nüfuzlu bir platformadır.

***

19:40

Energetika naziri Pərviz Şahbazov 27-ci Ümumdünya Qaz Konfransında iştirak məqsədilə ABŞ-ın Vaşinqton şəhərinə səfər edib.

AzNews.az-a Nazirlikdən verilən məlumata görə, konfrans çərçivəsində BP, Chevron, Exxon, SNAM və digər beynəlxalq neft-qaz, neft-kimya, eləcə də bərpa olunan enerji mənbələri üzrə şirkətlərin iştirakı ilə “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da energetika naziri Pərviz Şahbazov beynəlxalq enerji şirkətləri ilə 20 ildən artıq müddətdə həyata keçirilən əməkdaşlıqdan danışıb. Nazir Azərbaycanın enerji təhlükəsizliyinin təminatçısı kimi qəbul olunması, beynəlxalq əhəmiyyətli enerji mənbəyi və enerji təchizatı sisteminin mühüm hissəsinə çevrilməsində xarici şirkətlərlə əməkdaşlığın rolunu yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan ərazisindən keçən enerji dəhlizləri və karbohidrogen resurslarının qərb bazarlarına çıxarılması, nəticədə region ölkələrinin inkişafı məhz beynəlxalq neft-qaz şirkətləri ilə əməkdaşlığın töhfələridir.

Azərbaycanın aparıcı xarici neft, enerji şirkətləri ilə uğurlu, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq formatı yaratdığını vurğulayan nazir hazırda reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsini bu əməkdaşlığın nailiyyəti kimi qiymətləndirib.

“Ötən il Azəri-Çıraq-Günəşli müqaviləsinin müddətinin 2050-ci ilədək uzadılması, apreldə BP ilə SOCAR arasında növbəti kontraktın, eləcə də Equinor şirkəti ilə bu yaxınlarda müvafiq sazişlərin imzalanması nəticəsində əməkdaşlığımızda yeni və uzunmüddətli mərhələ başlayır”, - deyə nazir əlavə edib.

Nazir bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün də böyük imkanların olduğunu diqqətə çatdırıb.

Səfər proqramına uyğun olaraq, həmçinin bir neçə görüşlər keçirilib. Energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçlə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda əməkdaşlığa dair məsələlər, birinci hissəsi istismara verilmiş “Cənub Qaz Dəhlizi”nin icrasının növbəti mərhələləri, xüsusilə də Trans-Adriatik (TAP) qaz boru kəməri layihəsi ətrafında fikir mübadiləsi aparılıb. Qlobal qaz sektorunda cərəyan edən proseslər, həyata keçirilən qaz ixrac layihələri və onların perspektivləri müzakirə edilib.

Sonra Pərviz Şahbazovla bir çox ölkələrin qaz-sənaye təşkilatları və müəssislərini özündə birləşdirən Beynəlxalq Qaz İttifaqının prezidenti Joe-Myung Kang arasında görüş olub. Söhbət zamanı təşkilatın qaz hasilatı, nəqli, saxlanması, paylanması və istifadəsi kimi fəaliyyət istiqamətlərindən irəli gələn məsələlərdən danışılıb. Beynəlxalq Qaz İttifaqı ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyi qeyd olunub və Azərbaycan təşkilatın tədbirlərində müntəzəm iştiraka dəvət edilib.

ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə də görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri, həyata keçirilən enerji layihələri və Azərbaycanın enerji sektorunda aparılan islahatlar müzakirə edilib. “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi prosesinə ABŞ-ın davamlı dəstəyi təqdir olunub. Xüsusilə də bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib. Dan Brouillette bu sahədə təcrübə mübadiləsinin aparılmasını və ekspert dəstəyini təklif edib.

İyunun 29-dək davam edəcək 27-ci Ümumdünya Qaz Konfransında energetika naziri Pərviz Şahbazovun çıxışı nəzərdə tutulur. Üç ildən bir keçirilən bu konfrans təbii qaz sənayesinin siyasi, texniki və iqtisadi məsələlərinin müzakirə edilməsi üçün mühüm və nüfuzlu platformadır.