“Azərbaycan insan hüquqları müdafiəçilərinin qorunması üçün çox işlər görüb” - Səməd Seyidov

26 İyun 2018 20:04 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə, Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasındakı çıxışı zamanı deyib.

S. Seyidov bildirib ki, hüquq müdafiəçilərinin qorunması vacib və məsuliyyətli bir məsələdir:

“Burada məsuliyyət həm dövlətə, həm də hüquq müdafiəçisinin özünə düşür. Biz hüquq müdafiəçilərinin müdafiə olunması məsələsinə baxarkən həmən dövlətdə olan problemləri, məsələləri nəzərə almalıyıq. Bu baxımdan hesabatda göstərilən məsləhətlər dəyərlidir”.

S. Seyidov Azərbaycanın Avropa Şurası ilə birgə insan hüquqları müdafiəçilərinin qorunması üçün vacib işlər gördüyünü qeyd edib. Onun sözlərinə görə, hesabatda bunlar da nəzərə alınmalıdır.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxışı zamanı hazırda Azərbaycanda xaricdən gələn müxtəlif hüquq müdafiəçilərinin olduğunu deyib:

“Ancaq bəzi hüquq müdafiəçiləri var ki, onlar heç bir ölkədə hüquq müdafiəçisi olaraq tanınmır. Onlar sadəcə, Azərbaycana öz qərəzli məqsədlərini həyata keçirmək üçün gəliblər. Bu nüanslar da nəzərə alınmalı və saxta aktivistlər ifşa edilməlidir”.