Ermənistan mətbuatı bu gün Azərbaycan paytaxtında Silahlı Qüvvələrimizin yaranmasının 100 illik yubileyi münasibətilə keçirilmiş möhtəşəm hərbi parada dərhal reaksiya verib. "Armenian report" internet media resursunda yayınlanmış analitik məqalədə isə işğalçı ölkədə Azərbaycan ordusunun əzəmətli güc nümayişindən nə dərəcədə narahatlıq keçirdikləri açıq-aşkar əks olunur.

Əlbəttə, ənənəvi erməni xisləti bu yazıda da özünü "necə lazımdı" göstərir: "yazıq" erməni xalqına guya dünya gücləri (ABŞ, Rusiya və İsrail) tərəfindən "sui-qəsd" edildiyi, Azərbaycanla qeyri-bərabər mübarizədə təkləndikləri haqda şivən qoparılır.
Erməni müəllif əvvəlcə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin Azərbaycana səfəri və bu səfər zamanı səsləndirdiyi bəyanatlara diqqət çəkir və əslində bununla Rusiyaya qarşı öz ölkəsinin siyasi baxışlarını ifadə edir:
"Volodinin Bakıda səsləndirdiyi bəyanatlar Putinin mesajı kimi qəbul edilməlidir";
"Kreml Bakını Ermənistana və Dağlıq Qarabağa hücuma təşviq edir";
"Moskva Ermənistanda baş verən inqilabın nəticəsi ilə barışmır və buna görə Bakının əli ilə qisas almaq istəyir".
Xatırladaq ki, V.Volodin Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanın Qarabağ məsələsində həmişə düzgün və konstruktiv mövqe tutduğunu ifadə etmişdi.
Daha sonra məqalədə bu gün Bakıda keçirilən hərbi paraddan narahatlıqla söz açılır. Vurğulanır ki, paradda nümayiş etdirilən müasir hərbi texnikanın və silah-sursatın çoxu İsrail istehsalı idi:

"Bakı bizə açıq şəkildə xatırladır ki, 2016-cı ilin aprelində baş verən toqquşmalar zamanı onlar erməni tanklarını "Spike" raketləri ilə vurublar. Bu da İsrailin Azərbaycana açıq dəstəyinin nümayişidir..."
Məqalənin sonunda, hər şeydən əli üzülən "cəfakeş xalqın" yalnız özünə güvənməli olduğu, başqa çarələrinin qalmadığı etiraf edilir...
AzNews.az