Tehranda Azərbaycan Ordusunun yaranmasının 100 illiyi qeyd olundu

26 İyun 2018 23:42 (UTC+04:00)

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbulda İranın Silahlı Qüvvələrinin generalları, yüksək rütbəli zabitlər, xarici ölkələrin İranda akkreditə olunmuş səfirləri, hərbi attaşelər, diplomatlar, dövlət və hökumət rəsmiləri, tanınmış ziyalılar, iş adamları, jurnalistlər və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin keçirildiyi məkan hər iki ölkənin bayraqları, ümummilli lider Heydər Əliyevə və digər görkəmli şəxsiyyətlərinə aid, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları özündə əks etdirən fotoşəkillər və stendlərlə bəzədilib. Eləcə də 2016-cı ilin Aprel döyüşləri nəticəsində düşmən işğalından azad olunmuş Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndinin görüntülərini əks etdirən rəsm əsərləri sərgilənib. Səfirliyin həyətində qurulmuş monitorda Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini, hərbi imkanlarını, maddi-texniki bazasını, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafını, mədəniyyətini, tarixini və turizm imkanlarını əks etdirən videoçarxlar təqdim olunub.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan rəsmi qəbulda qonaqları salamlayan ölkəmizin İrandakı səfiri Bünyad Hüseynov bu il Azərbaycan Prezidentinin Sərəncamına əsasən təntənəli şəkildə qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrinin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə kimi yadda qalacağını və bu bayram tədbirlərinin dost və qardaş ölkə olan İranda keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Səfir Azərbaycan xalqının dəstəyi və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bir çox uğurlara imza atdığını və hazırda Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi vəzifəsinin icraçısı, polkovnik-leytenant Rəşad Quliyev Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışıb. Qeyd olunub ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri Milli Ordunun təşkili olub. Hər bir dövlətin müstəqilliyinin qarantı və xalqın müdafiəçisi olan Silahli Qüvvələrin yaradılması ölkələrin tarixinin şanlı səhifəsini təşkil edir.

Qətiyyətlə demək olar ki, müasir Azərbaycan dövlətinin ordu quruculuğu ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev yeni dövlət quruculuğu prosesində güclü ordunun formalaşmasını əhəmiyyətli amil kimi ortaya qoydu.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Son 15 ildə Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.

Diqqətə çatdırılıb ki, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir.

Azərbaycan ordusu 2016-ci ili aprel ayında nəyə qadir olduğunu əyani şəkildə göstərərək erməni işğalı altında olan strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etdi. Bununla da Azərbaycan əsgəri təcavüzkara öz gücünü göstərdi. Azərbaycan hər an düşmən tapdağında olan torpaqlarını azad etməyə həm hazırdır, həm də qadirdir. Əgər erməni tərəfi destruktiv mövqeyindən çəkilməyərək danışıqlar prosesini süni yolla davam etdirməyə cəhd etsə, onda Azərbaycan Ordusu öz sözünü deyərək ərazilərini azad edəcək.