Möhtəşəm hərbi parad Azərbaycandan dünyaya önəmli mesaj ötürəcək

27 İyun 2018 11:41 (UTC+04:00)

Məlum olduğu kimi, bu il ölkəmizdə bir çox əlamətdar hadisələrlə yadda qalacaqdır. Xüsusilə, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyət ili” elan edilməsi bu tarixi dövr ilə bağlı bir sıra önəmli günlərin təntənəli qeyd edilməsini şərtləndirir. Hər il iyunun 26-sı ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd edilsə də, bu il bu tarixi daha möhtəşəm edən əsas məqam ordumuzun yaranmasından 100 illik bir tarixin keçməsidir. Cümhuriyyət dönəmində olduqca çətin bir dövrdə 23 ay yaşayan müstəqil Azərbaycanın ilk ordusu bu gün müasir Azərbaycan Respublikasının güclü ordusunun tarixi varisidir.

“İki sahil” internet televiziyasının efirində yayımlanan “Siyasi baxış” verilişinin qonağı, politoloq Arzu Nağıyev önəmli günün tarixi haqqında fikirlərini bölüşərkən qeyd etdi ki, ordumuzun 100 illik bir tarixinin olması ilə hər bir Azərbaycan vətəndaşı fəxr edir: “Məlum olduğu kimi, AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - Əlahiddə Azərbaycan korpusu yaranıb. Bunun ardınca orduya çağırış haqqında fərman verilib. Həmin il avqustun 1-də Hərbi Nazirlik təsis edilib və Xosrov bəy Sultanov hərbi nazir təyin olunub. 1918-ci il dekabrın 25-də isə peşəkar hərbçi, çar ordusunda şərəfli yol keçmiş general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini, Həbib bəy Səlimov isə Bağ Qərargah rəisi təyin ediliblər. Qısa müddətdə 30 minlik ordu formalaşdırılıb. Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edib və sentyabrın 17-də Azərbaycan milli hökuməti Gəncədən Bakıya köçüb”.

Arzu Nağıyev qeyd etdi ki, bütün bu nailiyyətlər orduya rəhbərlik edən yüksək rütbəli zabitlərin sayəsində olub. Azərbaycan 1920-ci ilin aprelində bolşevik Rusiyası tərəfindən işğal edildikdən və Xalq Cümhuriyyətinin süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnib, komandirlərin böyük hissəsi repressiyaya məruz qalıb və öldürülüb.

Politoloq qeyd etdi ki, Azərbaycan 71 ildən sonra dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi yaradılıb, həmin il oktyabrın 9-da Azərbaycan Ali Soveti “Silahlı Qüvvələrin yaradılması haqqında” qanun qəbul edib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi gün - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.

Arzu Nağıyev onu da diqqətə çatdırdı ki, bu il ölkəmizdə Milli Ordunun yaranması münasibətilə hərbi paradın keçirilməsi həm ordunun yaradılmasının 100 illiyinə verilən möhtəşəm töhfə, həm də dünyaya bir mesajdır: “Bilirsiniz ki, bu gün Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Daim düşmənlə üz-üzəyik. 1994-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin əsas uğurlarından biri məhz atəşkəsə nail olmaq idi. Bununla bərabər, qarşı tərəfin tez-tez atəşkəsi pozması hallari ilə rastlaşırıq. Təbii ki, bütün bunlar əsas verir ki, ordumuz daha da qüvvətlənsin, istənilən situasiyaya hazır olsun. Əslində biz bunun ən bariz nümunəsini 2016-cı ilin aprel ayında gördük. Ordumuzun əsgərləri sübut etdilər ki, Azərbaycan dövləti problemin danışıqlar yolu ilə həll olunmasını, ərazi bütövlüyünü təmin etmək qabiliyyətindədir. Təsadüfi deyil ki, aprel döyüşləri sanki həm ordumuzda, həm də xalqımızda qələbəyə inam yaratdı, vətəndaşlarımızı ruhlandırdı. Bütün bunlar təbii ki, bu sahədə aparılan uğurlu islahatlar, ordumuzun inkişafı istiqamətində həyata keçirilən strategiyanın uğurlu nəticələridir. Bu gün Azərbaycan Ordusu, dünyanın ən müasir silah təchizatı ilə zənginləşdirilir. Neftdən əldə edilən gəlirlərin əsası ordunun inkişafına, zənginləşməsinə yönəlir. Təbii ki, bütün bunlar vaxt keçdikcə müsbət nəticələrini göstərir. Bilirsiniz ki, bu il ordumuzun yaranmasının 100 illiyi münasibətilə möhtəşəm parad keçiriləcək. Bu, bu günə qədər keçirilən sayca dördüncü paraddır. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin ali baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da isə üçüncü hərbi parad olub. Builki paradda ən müasir silahlar nümayiş olunacaq. Bununla Azərbaycan həm işğalçı ölkəyə, həm də dünyaya mesaj ünvanlayır. Bu o deməkdir ki, gənc bir respublika torpaqlarını müharibə yolu ilə azad etmək iqtidarındadır. Bu gün Azərbaycan Ordusu ən müasir silah və texnologiyalarla təchiz olunur və bu proses dayanmır. Azərbaycan kimi gənc bir dövlətin ordusunun adının dünyanın ən güclü orduları siyahılarına düşməsi asan başa gələn məsələ deyil. Hesab edirəm ki, zaman keçdikcə biz Azərbaycan Ordusunun davamlı uğurlarının şahidi olacağıq. 26 iyun tarixi hər birimizin bayramıdır. Bu baxımdan bütün əsgər, zabitlərimizi, generallarımızı, ehtiyatda duran heyətlərimizi ürəkdən təbrik edirəm”.

AzNews.az