"İran və Azərbaycan ortaq mədəniyyətə və tarixə malikdir" - Nazir

27 İyun 2018 18:28 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda İran Mədəniyyət Günlərinin açılışına həsr edilmiş mətbuat konfransında İranın mədəniyyət naziri Seyid Abbas Salehi deyib.

Nazirin sözlərinə görə, tarix boyu Azərbaycan və İran xalqları yaxın münasibətdə olublar: "Biz həm xoşbəxt, həm də çətin günlərdə bir-birimizi dəstəkləmişik. Azərbaycanda İran Mədəniyyət Günlərinin keçirilməsi bizim nə dərəcədə yaxın olmağımızı göstərir", - o deyib.

Azərbaycanın mədəniyyə naziri Əbülfəs Qarayev də iki xalqın yaxınlığını qeyd edib: "Belə tədbirlər sayəsində ölkələrimiz daha da yaxınlaşır və biz bütün sahələrdə əməkdaşlığın yeni yollarını tapa biləcəyik".

Xatırladaq ki, Mədəniyyət Günlərinin proqramına əsasən, bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran Mədəniyyəti Günlərinin rəsmi açılışı və İran Milli Orkestrinin konserti olacaq. Bu gün həmçinin İran incəsənət ustalarının əl işləri, milli geyim nümunələri, turizm, xəttatlıq, foto və rəsm əsərlərindən ibarət sərginin açılışı da baş tutacaq.

İyunun 28-də Nizami Kino Mərkəzində tanınmış rejissor Məhəmmədrza Məcidi Taleşin "Məhəmməd: Allahın Elçisi" bədii filminin təqdimatı keçiriləcək. Elə həmin gün Azərbaycan Dövlət Musiqili Teatrında Titovak Teatrının "İlahi Komediya. Cəhənnəm" tamaşası (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) nümayiş etdiriləcək.

İyunun 29-da Gəncə Dövlət Filarmoniyasında İran Milli Orkestrinin konserti təşkil olunacaq.