Azərbaycan və Ermənistanda hərbi parad - Fərqi hiss edin

28 İyun 2018 11:26 (UTC+04:00)

Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyevin bu sözlərindən bəhrələnərək Ermənistan və onun səfalət içərisində sürünən ordusuna diqqət çəkmək istərdik. Bəli, 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü Bakıda reallaşan o möhtəşəm parad nəinki erməni dövlətinin, xüsusən də erməni əsgərinin gözünü qırdı. Heç texniki vasitələri demirik, əsgər heyəti, döyüş hazırlığı baxımından da bu iki tərəfin orduları müqayisəyə belə gəlməz. Amma yenə də bəzi nüanslara diqqət edək:

Zamanla hər iki ölkədə keçirilən hərbi paradların ümumi​ mənzərəsinə baxmaq kifayədir ki, erməni ordusunun​ dövləti kimi necə kasad olduğunu görək. Hər dəfə bu paradlarda iştirak edən rus hərbiçilərini də çıxsaq, erməni paradının miskinliyi daha da qabarıq görünər.

"Ermənistan ordusu döyüş qabiliyyətini ancaq Rusiyanın hesabına saxlayır”.

Bu sözləri Ermənistanın "News.am" saytına müsahibəsində “Tsarukyan” blokundan deputat Napoleon Əzizyan bildirib. Bununla da ermənistanlı deputat 2016-cı ilin aprel döyüşlərindən sonra Ermənistan və Müdafiə ​Nazirliyi rəsmilərinin öz ordularının “gücü, qüdrəti, yüksək peşəkarlığı, döyüş qabiliyyəti” barədə bir-birinin ardınca verdikləri pafoslu, reallığı əks etdirməyən bəyanatları ifşa edib.

“Bu gün bizim döyüş qabiliyyətli ordumuz var fikri sizə nəsə demir? Bu cür məhdud büdcə şəraitində döyüş qabiliyyətli ordumuzun olmasında Rusiya faktoru əsas rol oynayır”- deyə deputat əlavə edib.

Əlavə şərhə gərək varmı? Artıq hər kəs, düşmən belə qəbul edir ki, müasir Azərbaycan ordusu 20 il əvvəlin ordusu deyil. Bu gün Azərbaycanın real, hər cür lazımi hərbi vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş ordusu var. Təkcə Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsi qədərdir.

Ermənistanda necədir? Hərbidə hərc-mərclik, aclıq və “dedovşina” hökmü baş alıb gedir. Bunları

özyanımızdan demirik. Bir qrup erməni gəncin Ermənistan ordusunda hökm sürən qeyri-nizamnamə davranışları, ordu sıralarında “dedovşina” və aclıq faktlarını nümayiş etdirən fotolar yaymasından heç bir il keçmir. Sözügedən fotolarda Ermənistan ordusunu ifşa edən məqamlar əks olunub. Bununla belə, erməni gənclər son illər Ermənistan ordusunda xidmətdən yayınma hallarının sürətlə artdığını bildiriblər. Ermənilər orduda xidmət edənlərin qidalanma və gigiyena şəraiti ilə bağlı ciddi problemlərin olduğunu bəyan ediblər.

Digər misal: Keçən ilin dekabrında, yəni 6 ay bundan əvvəl Ermənistanda tələbələr növbəti dəfə aclıq elan etdilər.

Hərbi xidmətə yollanmaqdan imtina edən gənclər hökumət nümayəndələri ilə danışıqlardan sonra aksiyanı yenidən bərpa etdilər. Gənclər təşkilatı hökumətlə danışıqların nəticə vermədiyini bildirdilər. Onlar irəli sürülən şərtlər yerinə yetirildikdən sonra aclıq aksiyasını dayandıracaqlarını bəyan etdilər.

Erməni gənclərinin haqlı olması hələ 2016-cı ilin aprel döyüşlərindən sonra tam təsdiqini tapmışdı. Bu döyüşlərdən sonra erməni cəmiyyəti cəbhədə Azərbaycan və Ermənistan hərbçilərinə yaradılan şəraiti çılpaqlığı ilə müqayisə edə bildilər. Belə ki, 4 günlük aprel zəfərindən sonra Azərbaycan Ordusunun təqdim etdiyi foto materiallarda azad edilmiş ərazilərdə erməni əsgərlərinin 22 il ərzində "yaşayışı” üçün yaradılmış şərait əks olunub.

Tərifi "göylərə sığmayan Ermənistan ordusu"nun necə acınacaqlı vəziyyətdə xidmət etdiklərini bu fotolardan açıq-aydın müşahidə etmək olur.

Fərq müqayisə zamanı daha aydın görünür. Təqdim edilən materiallardan da göründüyü kimi aclıq, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədədir. Digər fotolarda isə aprel ayının əvvəlində erməni işğalından azad edilmiş həmin mövqelərdə qısa müddət ərzində hərbi qulluqçularımız üçün yaradılmış şərait təqdim edilir.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən bütün mövqelərində şəxsi heyət üçün bu cür şərait yaradılıb.

Beləliklə, Ermənistan Azərbaycan ordusunun qüdrəti və əməliyyat imkanlarının günbəgün artmasından narahat olmaq istəmirsə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarsın və işğala son qoysun. Erməni cəmiyəti üçün də ən doğru addım budur.

Elgün Mənsimov
AzNews.az