Ermənistan hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir - XİN

28 İyun 2018 17:27 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçirməyi planlaşdırdığı hərbi təlimlərə dair Ermənistan XİN-nin verdiyi şərhlə əlaqədar deyib.

O bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində külli miqdarda hərbi texnika və şəxsi heyət cəmləşdirməklə özünün hərbi potensialının əhəmiyyətli hissəsini nəzarət rejimindən gizlədir.

"Nəticədə Vyana sənədi üzrə qarşılıqlıq prinsipinə zidd olaraq Ermənistan öz hərbi potensialı və fəaliyyəti barəsində qeyri-düzgün məlumat verməkdə davam edir və öhdəliklərini kobud şəkildə pozur. Ermənistanın bu cür davranışı məsuliyyətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlikdir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxlamaqda davam etməsi və bu əsnada Ermənistan tərəfindən Azərbaycana qarşı gücdən istifadə edilməsinin davam etdirilməsi regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdid olaraq qalmaqda davam edir", - deyə H. Hacıyev vurğulayıb.